Soyuq havanın problemləri

Hava şəraiti kəskin dəyişən və bərk soyuqlar düşən kimi mənzillərin, ictimai iaşə obyektlərinin , dövlət müəssisələrinin istiliklə təmin edilməsi məsələsi günün aktual mövzusuna çevrilir. Çünki əksər hallarda bu işi öz üzərinə götürən və onu yerinə yetirməli olan qurumlar heç də öz işlərinə məsuliyyətlə yanaşmır, istər mənzilləri, fərdi evləri, istərsə də digər iaşə obyektlərini lazım olan qaydada istiliklə təmin etmirlər. Elə havaların kəskin soyuduğu bu günlərdə də eyni problemlər yaşanır. Mənzillərə təbii qazın normadan az verilməsi, istilik sistemlərinin işləməməsi və s. Kimi yaranan problemə görə ayrı-ayrı qurumları qınayır.

AXCP sədri Razi Nurullayev də deyir ki, indi hər bir ailəni ən çox narahat edən məsələlərdən biri də istilikdir: "Qızıl teştdə otursan belə, istilik yoxsa həyat da yoxdur. Hər kəsin evində ya körpə uşaqları, qocası və xəstəsi mütləq ki, var. Soyuqlar düşən zaman vətəndaşları istlik qayğısı üzməyə başlayır. Soyuq düşən kimi, şəhər infrastrukuru çökür. Bəzi yerlərdə işıq gərginliyi o qədər zəifdir ki, insanlar kondisionerləri də işlədə bilmirlər. Məsələyə üç prizmadan yanaşaq. Birincisi, bina evlərinin istilik sistemi ilə bağlı məsələdir. Dünyanın ən gözəl şəhəri, ən təmiz və ən səliqəli şəhəri olan Bakıda 3140 hündürmərtəbəli binalar istiliklə təmin edilir. Bunun 30-40 faizi sadəcə statistik göstəricidir. Çünki, elə binalar var ki, istilik bir saat verilir, bir sutka kəsilir. Yaxud, binaya 30 dərəcəyə qədər istilik belə gəlib çatmır. Amma, yüzlərlə belə binalar da "AzərİstilikTəchizat" tərəfindən istiliklə təmin olunan 3,140 binanın siyahısına salınır". Razi Nurullayev binaların istiliklə təmin olunmamasının bəzi subyektiv səbəbinin olduğunu deyib: "İnsanlar binadaxili istilik sistemlərini məhv ediblər. Binadaxili xətlər bərpa olunsun, vətəndaşlar isə zəhmət çəkib öz mənzillərinin problemlərini həll edərlər. İkinci məsələ, fərdi evlərlə bağlıdır. Fərdi evlərin tikilməsi zamanı hər kəsə bəllidir ki, hansı qanunsuzluqlar baş verir. İcra hakimiyyətləri vətəndaşa ev tikmək üçün rüşvət müqabilində icazə verir və bununla da işi bitmiş olur. Nə onlar, nə də bələdiyyələr səliqə-sahmana, qayda-qanunlara, infrastruktur yaradılmasına, yanğın məsələlərinə və yol infrastrukturuna fikir verirlər. Artıq belə yerlərdə mərkəzləşmiş istilik sisteminin qurulması belə çətin ki, mümkün olsun. Vətəndaş isə, borc-xərclə başı üzərində bir qaraltı qura bilib. Amma, evini necə qızdırsın? Sual ritorik ola bilər. Amma, hökumət bu kimi məsələdə də məsulyyət daşıyır. Hər kəsin kombi sistemi qurmağa imkanı yoxdur, kombi aparatının yalnız özü minimal olaraq 700 azn-dən başlayır. 3 otaqlı evə isə kombi sisteminin çəkilməsi toplam olaraq, ən azı 1500 azn-ə başa gəlir. Razi Nurullayev bildirib ki, üçüncü məsələ, sosial iaşə obyektləri, dövlət idarələri, məktəb və xəstəxanaların istiliklə təchiz olunmasıdır: "Bunlar pis-yaxşı edilir. Amma, burada olan ən pis vəziyyət əyalət məktəbləridir. Çünki, məktəblərə verilən yanacaq, odun və digər ləvazimatlar, materiallar oğurıanır, yeyilir və talanır. Əgər təhsil naziri Mikayıl Cabbarov bunu bilmirsə, onda demək ki, idarəçilikdə problem var. Zəhmət çəkib ayağını ucqar kənd məktəblərinə salsın. Əyalət məktəbinə xəbərdarlıq etmədən getsin və gözləri ilə acınacaqlı mənzərənin şahidi olsun". 

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31