Elçin Hüseynbəyli yazır... Atasının uşağı çaya atmaqlığı...
-Yerdə, peçin (sobanın) böyründə yatmışdım, gözümü açanda gördüm ki, lümbələmlüt bir uşaq peçin böyründə dayanıb, tir-tir əsir. Bu zaman anam deyinə-deyinə, əlində ədyal içəri girdi: Allah insafını kəssən, ay Həmid, qışın bu vədəsində də körpə uşağı suya atarlar.
17 Oktyabr 2016 13:21 SosialElçin Hüseynbəyli
Atasının uşağı çaya atmaqlığı...
-Yerdə, peçin (sobanın) böyründə yatmışdım, gözümü açanda gördüm ki, lümbələmlüt bir uşaq peçin böyründə dayanıb, tir-tir əsir. Bu zaman anam deyinə-deyinə, əlində ədyal içəri girdi: Allah insafını kəssən, ay Həmid, qışın bu vədəsində də körpə uşağı suya atarlar.
Bu söhbəti mənim baməzə dostum başladı.
Hadisənin məğzi isə belədir: Həmid deyilən adam briqadirdi, əzazildi, göy "03"ü var. Hər gün işə onunla gedib gəlir. Nahara gələndə isə kanalın o üzündə saxlayır və körpünü əvəz edən dəmir boruları adlayıb evə gəlir.
Kanalın üstündən üç su borusu keçir. Hövsələsiz adamlar kəndin o başındakı normal körpüdən keçmək istəmədikdə, ondan istifadə edirlər.
Bu dəfə də bu cür edir və xırda oğluna deyir ki, ala maşının açarını apar evə, mən bir azdan gəlirəm:
-Açarı itirmə ha, əlində də fırlatma, kanala salarsan, -deyə bərk-bərk tapşırır.
Həmidin oğlu açarı sevincək alır, çıxır boruların üstünə və açarları barmağında fırlada-fırlada gedir evə. Bu zaman açar əlindən çıxır və düşür kanala. Kanalda elə belə deyil ha, Arazın bir qoludur, ev aparan bol suyu var.
Həmid gəlir evə, naharını edir və uşağı çağırır ki, get maşının açarlarını gətir. Amma uşaq gözlərini döyür, bir cavab vermir. Atası bir də açarı soruşanda uşaq başlayır ağlamağa.
-Açar hanı? - deyə Həmid uşağın üstünə çığırır. Uşaq da kanalı göstərir. Həmid işi başa düşür və təmkinlə deyir:
-Gedək açarı harda salmısan, yerini göstər, axtarıb tapaq. Uşaq atasının qabağına düşüb kanalın qırağına gəlir və açarı saldığı yeri göstərir. Onda Həmid uşağın boynundan yapışıb, pişik balası kimi atır suya.
Qışın ortası, hər tərəf qar. Uşaq bir təhər sahilə tərəf üzür və söyüddən tutub çıxır bayıra. Dostumun anası da onu götürüb gətirir evə. Lümbəlüt soyundurur, qoyur sobanın qırağındakı isinsin, özü də qurusun. Bax onda mənim baməzə dostum gözünü açır ki, kimsə bir ətcəbala onun başının üstündə durub...
-Sonrası no-oldu? -deyə xəbər alıram.
-No-olacaq ki, yazıq uşaq üç ay yerdə xəstə yatdı, atası da həmən o "03"nü satıb onun müalicəsinə verdi. İndi həmin o balaca uşaq şir kimidi, özü də üzgüçüdü...
16 oktyabr 2016