Dövlət qulluğunda yeni vəzifələr yaradılıb
Bu, prezidentin fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini artıracaq Oktyabrın 14-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təklif deyib ki, Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır.
14 Oktyabr 2016 16:13 SosialBu, prezidentin fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini artıracaq
Oktyabrın 14-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təklif deyib ki, Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır. Komitə sədri fikrini onunla əsaslandırıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: "Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır". Sonra "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna edilən dəyişiklik müzakirəyə çıxarılıb. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, qanuna əlavə edilən yeni 11.1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalara dair məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək. Maddə 11.2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Maddədə səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə, məsuliyyətə cəlbetmə təsbit olunur. Millət vəkili Qüdrət Həsənquliyev çıxışında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib: "Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət göndəriləndə bu şikayət oradan Baş Prokurorluğa göndərilir. Əgər biz bu qurumu yaratmışıqsa, yoxlama və istintaq aparılması səlahiyyətini də bu quruma həvalə edək. İdarə və təşkilatlarda yeni struktur bölmə yaradılacaqsa, hazırkı şəraitdə bu, məqsədəuyğun deyil". Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu qanunun qəbulu korrupsiya hallarının qarşısının daha effektiv alınmasına şərait yaradacaq: "Qanun layihəsində məlumatların təkrar ötürülməsi məni narahat edir. Yalandan məlumat verən yalan da danışa bilər. Tutaq ki, icra başçısının, idarə rəhbərinin yanında çalışan və narazı olan şəxslər anonim məktublar yazmasın. Keçmişdə bir Xalq Nəzarəti Komitəsi vardı, kimisə yoxlamaq üçün özü bir-iki məktub təşkil edirdi. Ona görə də korrupsiya ilə bağlı məlumat verənlərin anonimliyi məsələsi aradan qaldırılmalıdır". Deputat Çingiz Qənizadə korrupsiyaya qarşı mübarizə məqsədilə hansısa idarənin tərkibində yaradılan strukturun müstəqil olacağına inanmadığını vurğulayıb: "Hansısa məqsədlə yalandan ibarət ərizələr yazan şəxslərin də məsuliyyəti məsələsi diqqət mərkəzində olmalıdır". Vitse-spiker Ziyafət Əsgərov vətəndaşın istənilən orqana yazılı və şifahi şikayət vermək hüququnun olduğunu xatırladıb: "Vətəndaş hesab etsə ki, bu məsələ həmin idarə və təşkilatda da həllini tapa bilər, idarə və təşkilatdakı həmin məsul quruma müraciət edə bilər. Digər tərəfdən, bu məqsədlə idarə və təşkilatda yeni bölmə aparılmasına ehtiyac yoxdur, bu, hansısa vəzifəli şəxsə də həvalə oluna bilər. Anonim məlumatlara gəlincə, hazırda qanunvericiliyə görə anonim məlumatlara baxılmır. Yalan məlumatlara görə də Mülki Məcəllədə məsuliyyət nəzərdə tutulub". Sonra "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilməsi ilə əlaqədar layihə müzakirə olunub. Əlavəyə əsasən qanunun 11.1-ci maddəsinin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi" də daxil edilir. Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, "orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri" vəzifələri də əlavə olunur. Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir. Belə ki, qüvvədə olan "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri" təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir. Layihədə bildirilir ki, sənəd Azərbaycan dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini təşkil etmək məqsədilə təqdim olunub. Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.
Ardınca "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hazırda qüvvədə olan qanuna əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməlidir. Qanuna təklif edilən dəyişiklik bu tələbin daha korrekt ifadə olunması ilə bağlıdır. Başqa sözlə, sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaq. Bundan başqa, qanuna əlavə edilməsi təklif olunan 27.6-cı maddəyə əsasən, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onlardan başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin də təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaq. Eyni zamanda, dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmamasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. "Dərman vasitələri haqqında" qanununa edilən dəyişikliklə Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağan edilib. Dəyişikliyə əsasən bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır. Layihəyədə qeyd edilir ki, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni təkibli olub-olmaması müəyyən etmək məqsədilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir" yazılmalıdır. Bioloji fəallığa malik qida əlavələrinin satışı apteklərdə, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir. Qanun layihəsinin müzakirəsi zamanı deputat Gövhər Baxşəliyeva qeyd edib ki, insanlar həkimə getmədən televiziyalarda reklam edilən dərmanlardan istifadə edirlər: "İnsanlar ağrıyanda reklam olunan ağrıkəsici dərmanlardan alıb atırlar. Ancaq ağrı hansısa xəstəliklərin işarəsi ola bilər. Ona görə də insanlar gedib reklam olunan dərmanlardan istifadə etməklə vaxt itirirlər və öz xəstəliklərinin müalicəsini çətinləşdirirlər". Deputat bildirib ki, həkim zəmanəti və göstərişi olmadan dərmanların qəbul edilməsi düzgün deyil, insanların daha ağır xəstəliklərə düçar olmasına gətirib çıxarır. O bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.
Alim