Mənzildən istifadə hüququna üç baxış

Son zamanlar ərlə-arvadın birgə yaşadığı dövrdə əldə edilən mənzildən istifadə hüququ ilə bağlı mübahisələrin sayı artıb və problem aktuallaşıb. Xüsusən, boşanmaların sayının artması və vətəndaşların mənzil ehtiyaclarının təmin olunmaması bu qəbildən olan mübahisələrin sayının artmasına təsir edir.

Bu hüquqa hansı hallarda xitam verilir?
 

Son zamanlar ərlə-arvadın birgə yaşadığı dövrdə əldə edilən mənzildən istifadə hüququ ilə bağlı mübahisələrin sayı artıb və problem aktuallaşıb. Xüsusən, boşanmaların sayının artması və vətəndaşların mənzil ehtiyaclarının təmin olunmaması bu qəbildən olan mübahisələrin sayının artmasına təsir edir. Bir çox hallarda mülkiyyətçiyə məxsus mənzilə onun ailə üzvlərindən başqa, digər şəxslər də mənzilə köçür. İllər sonra ailə-nikah münasibətləri pozulanda tərəflər arasında mübahisələr yaranır. Bir qayda olaraq boşanma zamanı gəlin özünün və uşaqlarının mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini irəli sürür. Bəs hansı hallarda həmin şəxslərin mənzildən istifadə hüququ var, onların bu hüququna xitam verildiyi halda kompensasiya ödənilməlidir? Məlum olduğu kimi, yaşayış sahəsindən istifadə hüququ əşya hüquqlarından biridir. Qanunvericiliyin tələblərindən belə aydın olur ki, istifadə hüququ birbaşa qanundan və ya mülkiyyətçi ilə bağlanmış müqavilədən irəli gələ bilər. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov bildirib ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsinin 3 mərhələsini fərqləndirmək mümkündür. Əgər yaşayış evindən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Sözügüdən Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə, bu cür mübahisələr üzrə məsələn, gəlin qayınatasının evinə 1999-cu ildə gəlin köçübsə, onda onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququna malikdir. Hüququn yaranma əsasını qanun, yəni Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddəsi təşkil edir. 
İkincisi isə, əgər yaşayış evindən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ildən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış sahəsindən istifadə hüququnun yaranmasının müqavilə əsasını müəyyənləşdirir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin Mülki Məcəllənin 228.5-ci maddəsi 228.2-ci maddədən fərqli əsası, yəni qanun əsasını nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, yaşayış evinin (mənzilin) mülkiyyətçisinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən istifadə hüququ qanundan, yəni Mülki Məcəllənin 228.5-ci maddəsindən irəli gəlir və bunun üçün yaşayış evinin (mənzilin) mülkiyyətçisi ilə ailə üzvləri arasında müqavilənin bağlanması tələb edilmir. Digər şəxslərin (məsələn, qayınatanın evinə gəlin köçmüş gəlinin) istifadə hüququndan danışa bilmək üçün onunla mülkiyyətçi arasında notaiat qaydasında təsdiqlənən müqavilə bağlanmalı və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmalıdır. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. 
Nəhayət, 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qaydanı müəyyənləşdirir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların istifadə hüququ qanundan, yəni Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən irəli gəlir.Yeni Mənzil Məcəlləsi 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsi və Mülki Məcəllədən fərqli bir qayda müəyyənləşdirmişdir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Hüquqşünasın sözlərinə görə, Mülki Məcəllənin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddələri arasında müəyyən uyğunsuzluq vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığını təsbit edir. D.Novruzovun sözlərinə görə, bəzən vətəndaşlar mənzildə qeydiyyatda olmalarını əsas gətirərək həmin mənzildən istifadə hüquqlarının olduğunu irəli sürürlər: "Məlumat üçün qeyd edək ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxs ailə qurması əlaqədar yaşayış yerini dəyişdirdiyindən və daimi yaşamaq üçün ərinin valideynlərinə məxsus mənzilə köçdüyündən, həmin mənzil üzrə qeydiyyata alınması qanunvericiliyin tələbindən irəli gəlmişdir. Bu baxımdan, qeydiyyat həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi çıxış edə bilməz". Onun bildirdiyinə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə praktikası kifayət qədər fərqlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Vəkilin sözlərinə görə, qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, kompensasiyanın məbləği məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı və ya mübahisə halında, məhkəmə qaydasında müəyyənləşdirilir.

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31