Şairi Səməd Vurğunun 110 illiyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
14 Oktyabr 2016 12:24 SosialAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Diqqətə çatdırılıb ki, unudulmaz şair qısa bir zamanda tamamladığı "Vaqif" dramında Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, kamilliyini ustalıq və məhəbbətlə əks etdirib. O, "Vaqif" dramına görə ən ali mükafatlara layiq görülüb. Uzun illər teatr səhnələrində oynanılan bu dram tamaşaçıların böyük rəğbətini qazanıb. Tədbir konsert proqramı ilə davam edib. Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.