Oqtay Əfəndiyevin 90 illik yubileyi qeyd edilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın Tarix İnbstitutunun təşkilatçılığı ilə görkəmıi səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley toplantısı keçirilib.

Yaqub Mahmudov: "Oqtay Əfəndiyev xarici ölkələrdə tarix elmimizi layiqincə təmsil edib"

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın Tarix İnbstitutunun təşkilatçılığı ilə görkəmıi səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley toplantısı keçirilib. Tarixçi alimlər AMEA-nın Tarix İnstitutunun rəhbərliyi, əməkdaşları və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi yubiley toplantısını giriş sözü ilə açan akademiyanın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Oqtay Əfəndiyevin görkəmli tarixçi, dəyərli bir ziyalı olduğunu söyləyib. O, qeyd edib ki, uzun illər Tarix İnstitutunda "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinə rəhbərlik etmiş Oqtay Əfəndiyev xarici ölkələrdə tarix elmimizi layiqincə təmsil edib: "O vaxtlar müstəqillik tariximizin, qüdrətli tarixi keçmişə malik olmağımızın dilə gətirilməsi yasaq olduğu bir zamanda Oqtay Əfəndiyevin pantürkizm vahiməsindən qorxmayaraq ilk dəfə Azərbaycanda Səfəvi tarixinə ayrıca bir monoqrafiya həsr etməsi, həm də sovet, İran, eləcə də bir çox xarici ölkə tarixçilərinin ümumi axınına qarşı gedərək tarixi həqiqəti üzə çıxarması və bu dövləti Azərbaycan dövləti kimi təqdim etməsi böyük cəsarət idi. Oqtay Əfəndiyevin milli ruhlu tarixçi kadrların yetişməsində də həlledici rolu olub". İnstitutun direktoru onu da qeyd edib ki, zaman-zaman tariximizin unutdurulması üçün ciddi konseptual işlər görülüb. O, bildirib ki, istər Çar Rusiyası, istərsə də Sovet İttifaqı zamanında Azərbaycanın dövlətçilik ənənələrinin unutdurulmasına çalışılıb: "Müntəzəm olaraq Azərbaycan xalqına qarşı onun tarixini saxtalaşdırmaq üçün sistemli iş aparılıb"

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nərgiz Axundova bildirib ki, nüfuzlu alimin bir sıra tədqiqatları dünya dillərinə tərcümə olunub. Onun sözlərinə görə, həmin əsərlərə dünyanın tanınmış alimləri bu gün də istinad etməkdədirlər. Nərgiz Axundova Oqtay Əfəndiyevin tarix elminə böyük töhfələr verdiyini də diqqətə çatdırılıb.

Daha sonra yubiley mərasimində çıxış edənlər qeyd ediblər ki, Oqtay Əfəndiyevin elmi əsərləri XV-XVIII əsr Azərbaycan tarixinin çətin problemlərinə, Azərbaycan dövlətlərinin sosial-iqtisadi, siyasi tarixi, beynəlxalq əlaqələri, Şərqi və Avropa dillərindəki mənbələrin nəşri, tarixi-coğrafiya məsələlərinə həsr olunub.

Qeyd edək ki, görkəmli tarixçi-alim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31