“Əsgər marşı”na heykəl qoyulsun

Musiqi insan ruhunun qidasıdı. Bu qida milli-mənəvi dəyərlər üstə köklənəndə, həm də insanı doğulduğu torpağa, havasını udduğu vətənə, suyunu içdiyi məmləkətə bağlayır, onu candan sevməyə sövq edir.

Musiqi insan ruhunun qidasıdı. Bu qida milli-mənəvi dəyərlər üstə köklənəndə, həm də insanı doğulduğu torpağa, havasını udduğu vətənə, suyunu içdiyi məmləkətə bağlayır, onu candan sevməyə sövq edir.

Elə musiqi var ki, təkcə insan ruhuna sığal vermir, həm də qəlbdə coşqu yaradır, fırtına törədir. Bunlar vətənpərlik hisslərini tərpədən klassik simfoniya, kamera musiqisi, opera, üvertura, kiçik həcmli mahnılardı. Bəzən 3-5 dəqiqəlik bir mahnının ömrü elə onun ifa edildiyi, eşidildiyi dəqiqələr qədər olur. Elə musiqi əsərləri də var ki, onun ömrü tükənmir, qərinələri, on illikləri özünə hopdurub nəsildən-nəslə keçir. Xüsusilə də bu əsərin ruhunda vətənpərvərlik, qəhrəmanlıq notları varsa, həmin musiqiyə zaval olmur, əzbərlənir, yaddaşlara hopur, dildən-dilə gəzir.

Dünya xalqlarının tarixində həmin dövlətin yaşamasında və gücünün əks olunmasında xüsusi musiqi əsərləri olub ki, həmin parçalar hələ də yaddan çıxıb, unudulmayıb. Məsələn, 1938-ci ildə yazılmış əfsanəvi "Katyuşa" mahnısı bu gün də rus musiqiçilərinin repertuarından düşmür. Vətənpərvərlik ruhunda yazlmış bu mahnı 1941- 45-ci il müharibəsində sovet əsgərlərinin himninə çevrilmişdi. Beş il müharibə gedən müddətdə sovet ordusunun əhval-ruhiyyəsini yüksəldən "Katyuşa" dünyanın müxtəlif dillərində oxunub, hələ də oxunur. Faşizm üzərində qələbədə çox böyük rolu olan bu mahnı sonralar Rusiyada heykəltaraşlar tərəfindən əbədiləşdirilib. Smolensk oblastının Uqra çayı sahilində 1983-cü ildə taxtadan ucaldılan abidə "Katyuşa" mahnısına həsr olunub.

Üzeyir Hacıbəyovun Səməd Vurğunun sözlərinə yazdığı "Şəfqət bacısı" mahnısı da "Katyuşa" qədər sovet Azərbaycanında əks-səda vermişdi. Fatma Mehrəliyevanın möhtəşəm ifasında səslənən bu mahnı heç bir azərbaycanlının vətənpərvərlik ruhuna təsirsiz ötüşməyib. Təkrar edirəm: insanın vətənpərvərlik ruhunun və qəhrəmanlıq duyğularının oyanmasında belə musiqilərin rolu danılmazdır.

Bu faktdır ki, Üzeyir bəyin "Cəngi"si, "Koroğlu" operası, xüsusilə də əsərin "Üvertura" hissəsi 30 ilə yaxındır ki, gəncləri vətənpərvər ruhda yetişdirir, qəhrəmalığa səsləyir, torpağın, vətənin müdafiəsinə hazırlayır. Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı illərdə Azadlıq meydanında səslənən "Koroğlu" üvertu rasını meydana toplaşanlar xorla ifa edirdilər. Əsər insanlarda yaratdığı coşqu qədər, həm də onları torpağa sarılmağa, vətənin müdafiəsi uğrunda ölümə getməyə ruhlandırırdı.

Qarabağ uğrunda döyüşlərdə müsəllah əsgər rolunu oynayan mahnılardan biri də Cavanşir Quliyevin "Əsgər marşı"dı. Bənzərsiz səsi ilə ürəkləri riqqətə gətirən Şəmistan Əlizamanlı "Əsgər marşı"nı ifa edəndə insana elə gəlir ki, əsgərlərin ayaq səsini eşidirsən, sanki əllərində silah düşməni diz çökdürürlər. Bu mahnı ordunun, əsgərin qələbəyə gedən yolunda sanki, bir mayakdı, özülü möhkəm qurulan körpüdü. "Əsgər marşı" "Katyuşa"dan da artıq Azərbaycan xalqının vətənpərvərlik hissini coşdurur, döyüş ruhunu artırır, hər kəsi əzmlə, inad və inamla vətənə sevgi ilə silahlandırır, qələbəyə səsləyir. Təsadüfi deyil ki, bağça yaşlı uşaqlar da "Əsgər marşı"nı həvəs və coşqu ilə oxuyurlar. Bu gün Azərbaycan ailələrində dünyaya gələn oğlan uşaqları (elə qızlar da) 4-5 yaşdan bu mahnını oxuyurlar. Təqdirəlayiq haldır ki, valideynlər uşaqlarına dövlət himni ilə yanaşı "Əsgər marşı"nı da öryədirlər.

Marş, irəli, marş irəli,

Azərbaycan Əsgəri!

Mənə elə gəlir ki, bir alay, bir bölük qədər vuruşan, savaşan "Əsgər marşı" oxunanda erməni faşistləri diz çökür, qələbə günü yaxınlaşır. İllərdi bu marş savaşır-oxunur, amma ölmür, əksinə ürəklərə köçür, yaddaşlara hopur, xatirələrdə yaşayır. Ona görə də nə zamansa ruslar kimi bizdə də "Əsgər marşı"na heykəl qoyulsa, bu, xalqın vətənpərvərlik hissiniə, qəhrəmanlıq duyğusuna verilən ən yüksək dəyər olar.

Azərbaycan bəstəkarları zaman-zaman marşlar yazıblar. Üzeyir Hacıbəyovun "Döyüşçülər marşı", "Qızıl əsgər marşı", Azər Dadaşovun "Zəfər marşı", Süleyman Ələsgərovun "Yürüş marşı" musiqi tariximizin əvəzsiz sənət numunələridi. Cavanşir Quliyevin "Əsgər marşı" kimi bu marşların da hər biri bir əsgərdi. Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası, eləcə də "Odlar yurdu", "Çəkin Qarabağdan qara əlləri","Şuşam, lay-lay" mahnıları, Ramiz Mustafayevin Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsinə bəstələdiyi "Salatın" oratoriyası, "Haqq səninlədir, Azərbaycan" kantatası, Tofiq Bakıxanovun "Qarabağ harayı", Aqşin Əlizadənin "Ana torpaq" odası, Mobil Babayevin "Məmləkətim" kantatası, Tahir Əkbərin "Azadlığa gedən yollar" odası, Sərdar Fərəcovun "Matəm harayları" simfonuk lövhəsi, Oqtay Kazımovun "Qarabağ lövhələri" simfonik süitası, Azər Rzayevin "Sənin üçün darıxmışam, Şuşa" və Firəngiz Əlizadənin "Qarabağnamə" operası klassik üslubda yazılmış musiqi əsərləridi. Bu əsərlərin hər birində vətən torpağını haraylayan, azadlığı dəstəkləyən, işğalçıları lənətləyən notlar var. Amma nə yazıqlar ki, bu əsərlər təbliğ olunmur, ekranda, efirdə, konsert salonlarında demək olar ki, ifa olunmur, sanki, arxiv üçün yazılıb.

Şəmistan Əlizamanlı "İgid əsgər, möhkəm dayan" deyə möhtəşəm səsi ilə oxuyanda müharibə qoxusu hiss olunur. Sanki bu səs düşmən üzərinə nərə çəkir. "Cənab leytenant" Ramil Səfərovun simasında Azərbaycan zabitlərinin şərəfinə yazılan mahnıdır. Bu mahnıda da Şəmistan Əlizamanlı səsi, ifası ilə çalışır ki, dinləyiciyə zabit şərəfinin dəyərini çatdıra bilsin, vətənpərvər mahnılarınının xalqın malı olduğunu söyləsin.

Qəhrəmanlığı özündə əks etditən musiqi əsərləro o zaman xalqın malına çevrilir ki, o, təbliğ olunsun, tez-tez səsləndirilsin, konsertlər təşkil olunsun, musiqinin məğzi dinləyənlərə çatdırılsın, festivallar keçirilsin.Yaxşı olar ki, vətənpərvərlik mahnılarının ifaçıları ali məktəblərdə tələbələrlə görüşsünlər, ifa etdikləri mahnının birbaşa vətən üçün, onun yaşaması üçün yazıldığını diqqətə çatdırsın.

Xalqın yaralı yeri Qarabağdı. Nə qədər ki, bu torpaq işğaldan tam azad olmayıb xalqda ruh yüksəkliyini hər zaman görmək mümkün olmur. Amma elə ki, ekranda-efirdə vətənpərvərlik mahnısı oxunur, marşlar səslənir o zaman insanda bir ruh yüksəkliyi peyda olur. Sanki bu mahnılar səni döyüşə aparır, düşməni darmadağın etməyə yönləndirir.

Bu gün qəhrəmanlıq mahnıları, əsgər marşları sabaha addımlayan gənclərin inamını birə-beş artırır, qələbəyə yaxınlaşdırır. Şübhəsiz biz mənfur düşməni mütləq məğlub edəcək, işğal olunmuş torpaqlarımızı erməni faşistlərindən təmizləyəcəyik. Bax o zaman yeni-yeni qələbə marşları yazılacaq. O zaman şəhidlərimizin ruhu ağ göyərçinə dönüb Vətən göylərində qələbə nəğməsi oxuyacaq.

Züleyxa Nadir

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31