"İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”
Bir vaxtlar şamların, neftlə işləyən çıraqların işıqlandırdığı mənzillər, salonlar, saraylar, ictimai iaşə obyektləri bu gün bər-bəzəkli elektrik lampaları, çır-çıraqlarla əvəz olunub. Günümüzə qədər böyük bir mərhələ və geniş inkişaf yolu keçən elektroenergetika sənayesinin tarixi XIX əsrin 80-ci illərinə təsadüf edir. Tarixə qısa nəzər salsaq görərik ki, Azərbaycanda elektroenergetikanın əsası 1883-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbinin quraşdırılması ilə qoyulub.
12 Oktyabr 2016 12:54 SosialBir vaxtlar şamların, neftlə işləyən çıraqların işıqlandırdığı mənzillər, salonlar, saraylar, ictimai iaşə obyektləri bu gün bər-bəzəkli elektrik lampaları, çır-çıraqlarla əvəz olunub. Günümüzə qədər böyük bir mərhələ və geniş inkişaf yolu keçən elektroenergetika sənayesinin tarixi XIX əsrin 80-ci illərinə təsadüf edir. Tarixə qısa nəzər salsaq görərik ki, Azərbaycanda elektroenergetikanın əsası 1883-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbinin quraşdırılması ilə qoyulub. 1898 - 1899-cu illərdə isə Abşeron yarımadasında sürətlə inkişaf edən neft sənayesini, həmçinin, Bakının özünü elektrik enerjisi ilə təchiz etmək məqsədilə "Elektrik gücü" Səhmdar Cəmiyyəti yaradılır. Cəmiyyət şəhərin ətrafında iki elektrik stansiyası inşa edir ki, bunlardan biri Bibiheybət digəri isə Ağ şəhər elektrik stansiyaları idi. 1916-cı ilin yanvarında isə Bakıdakı hər iki elektrik stansiyasının paralel işləməsini təmin etmək məqsədilə 20 kVt-luq elektrik verilişi xətti çəkilir. Sonrakı illərdə ölkə əhalisinin sayının artması elektrik enerjisinə olan tələbatın çoxalmasına gətirib çıxarırdı. Məhz bu səbəbdən yeni enerji mənbələrinin axtarılıb tapılması zərurəti meydana çıxırdı. Belə bir situasiyada 1954-cü ildə Kür çayı üzərində Mingəçevir su elektrik stansiyası silsiləsinin ilk növbəsi - 359 MVt gücündə Mingəçevir SES fəaliyyətə başlayır. Elə həmin il hər biri 25 MVt gücündə iki turboaqreqatla təchiz edilmiş "Şimal" DRES-in ilk növbəsi elektrik enerjisi istehsalına başlanır və 1960-cı ildə stansiyada 150 MVt gücündə açıq tipli enerji bloku quraşdırılır.
Avropada açıq quruluşlu ilk İES
Artıq Azərbaycan tədricən özü-özünü elektrik enerjisi ilə tam təmin etməyə qadir bir ölkə rolunu oynayırdı. Amma bununla yanaşı yeni-yeni layihələr də müntəzəm olaraq gündəmə gəlir və reallaşdırılırdı. Bu mənada Şirvan (Əli Bayramlı) DRES-in inşasını xüsusi qeyd etmək yerinə düşər. Beləliklə, 1959-cu ildə Avropada açıq quruluşlu ilk iri istilik elektrik stansiyasının - Əli Bayramlı DRES-in inşasına start verilir. Stansiyanın hər biri 150 MVt gücündə 4 enerji blokundan ibarət birinci növbəsinin istismara verilməsi nəinki Azərbaycanın enerji tələbatını təmin etməyə, həmçinin, 1964 - 65-ci illərdə Cənubi Qafqaz respublikalarına 1,7 milyard kVt/s elektrik enerjisi ötürməyə imkan yaratdı. İkinci növbəyə daxil olan 5-7-ci blokların istismara verilməsi ilə stansiyanın qoyuluş gücü 1050 MVt çatdırıldı. Ötən əsrin 70-ci illərinin sonlarında respublikanın ümumi gücü 2882,4 MVt olan elektrik stansiyaları 15,4 mlrd. kVt/s elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətlə inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2.9-3.5 mlrd. kVt/s elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu.
Elektroenergetikada yeni dövr
Hər bir sahə kimi elektroenergetika sənayəsinin inkişafı, onun bu günki səviyyəyə gəlib çatması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan, 1969-cu ildən ölkə iqtisadiyyatının başqa sahələrində olduğu kimi, energetikanın inkişafında da yeni dövr başladı. Qısa bir vaxt ərzində hər birinin gücü 300 MVt olan 8 blokdan ibarət Azərbaycan Dövlət Rayon Elektrik stansiyası (AzDRES), gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası və Naxçıvanda Araz çayı üzərində "Araz" SES inşa edildi. Ölkədə istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli 500 kilovoltluq xətlərin uzunluğu 700 km-ə, 330 kilovoltluq xətlərin uzunluğu 1025 km-ə, 220 kilovoltluq xətlərin uzunluğu 1210 km-ə çatdırıldı. İstər Azərbaycana rəhbərlik etdiyi birinci dövr, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdırqdan sonra Heydər Əliyev ölkədə energetika sənayesində mühüm işlər gördü. Tikintisi yarımçıq qalmış gücü 112,5 MVt-lıq Yenikənd SES-nın inşası başa çatdırıldı.
Gücü 400 MVt olan "Şimal" DRES-in yeni müasir enerji bloku 2002-ci ilin sonunda istifadəyə verildi. Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması ilə yanaşı bu şəbəkənin fəaliyyətinin sağlamlaşdırılması da əsas diqqət mərkəzində olan məsələlər sırasında idi. Elə bu məqsədlə Azərbaycan Prezidentinin 2000-ci il, 14 iyun tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə "Bakıelektrikşəbəkə" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı.
Müasir inkişaf mərhələsi
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də hakimiyyətə gəldiyi ilk illərdən əhalinin elektrik enerjisi ilə təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə başladı. Heç təsadüfi deyil ki, XXI əsrin başlanğıcında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcı kimi xarakterizə edilir. MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli "Şimal" ES-in istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 850 MVt olan yeddi modul tipli Elektrik Stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması Energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymaqla, sənaye mərkəzinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırdı. Məhz elektrik enerjisinin istehsal güclərinin belə sürətli artım dinamikası 2006-cı ildə respublikada son on beş il ərzində elektrik enerjisi istehsalının ən yüksək səviyyəsini -23,8 mlrd kVt.saatı təmin etdi. Elektrik enerjisinin istehsal güclərinin artım dinamikası 2006-cı ildə respubilkada son on beş ildə elektrik enerjisi istehsalının ən yüksək səviyyəsi - 23,8 milyard kVt.saatı təmin etdi. 2008-ci ildə sənaye mərkəzində gücü 525 MVt olan "Sumqayıt" buxar-qaz tipli müasir elektrik stansiyasının istifadəyə verilməsi ilə yanaşı, eyni tipli gücü 780 MVt olan "Cənab" ES-in quraşdırılma işləri 2012-ci ildə tamamlandı. Azərbaycan Respubilkasının Prezdenti cənab İlham Əliyevin qayğısı nəticəsində özünün elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu ölkələrə elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.Beləliklə, dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırmaqdadır. Ölkəmiz "Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaqla, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start verdi.
Abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzində
Artıq tam əminliklə deyə bilərik ki, bu gün şəhərdə, kənddə, ucqar dağ rayonunda yaşamasından asılı olmayaraq hər bir ölkə əhalisi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunur. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında isə Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 saylı sərəncamına əsasən yaradılan "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mühüm rolu var. Bu gün "Azərişıq" ASC-nin respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 10-a yaxın-regional enerji təchizatı satış idarəsi mövcuddur ki, həmin satış idarələrində də abonentlərə yüksək səviyyədə xidmət göstərilir. Məlumat üçün qeyd edək ki, ötən müddət ərzində ölkənin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunub. 2015-ci ildə 1450 ədəd, 2016-cı ildə isə 1650 ədəd bu tip KTM-lər quraşdırılmaqdadır. "Azərişıq" ASC Bakı kimi respublikamızın bütün şəhər və rayonları, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. Belə ki, Zaqatalada rayon mərkəzindən 30 kilometr məsafədə, Rusiya ilə sərhəddə yerləşən Qalal kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. "Azərişıq" ASC müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərilir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Bütün yeni tikililər əsasən mövcud yarımstansiya və digər energetika qurğularının ərazisindən səmərəli istifadə etməklə, birbaşa həmin ərazilərdə inşa olunur.
Ümumiyyətlə, son 10 il ərzində ölkə ərazisində enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılıb. Bu müddət ərzində abonentlərin sayı təxminə bir milyona yaxın artaraq 2,5 milyon nəfəri keçib. Paralel olaraq əhali qrupu üzrə abonentlərin ödənişsiz olaraq sayğacla təmin edilməsi prosesi də həyata keçirilir. Göstərilən müddət ərzində 70 mindən artıq smart tipli sms sayğac quraşdırılıb, 950 mindən çox elektron-rəqəmsal sayğaclar istismara verilib və uçot komplekti ilə təchiz edilib.
Süleyman İsmayılbəyli
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"