Canikin son sözü də elə ilk sözü kimi oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin məhkəmə prosesi sona yaxınlaşır. Cahangir Hacıyevi bank və kriminal dairələrdə daha çox Canik kimi tanıyırlar.
11 Oktyabr 2016 15:29 SosialBakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin məhkəmə prosesi sona yaxınlaşır. Cahangir Hacıyevi bank və kriminal dairələrdə daha çox Canik kimi tanıyırlar.
Məhkəmənin dünənki iclasında Canik son sözlə çıxış edib. Buna hazırlaşmaq üçün o, düz bir həftə vaxt istəmişdi. Vaxt doğrudan da kifayət qədər idi və düşünülürdü ki, o, özünə bəraət qazandırmaq üçün ortaya ciddi dəlillər qoyacaq. Lakin təəssüf ki, onun son sözü əvvəlki çıxışlarından fərqlənmədi.
Onun hamını təəccübləndirə bildiyi yeganə o oldu ki, haqqin.az saytını maliyyə naziri Samir Şərifova yarınmaqda günahlandırdı. Lakin əsas şeyi demədi - özünü təmizə çıxarmaq üçün heç bir arqument göstərə bilmədi.

Özünüz fikirləşin: müttəhimin əsas arqumenti odur ki, o, elə ilk zəngdən sonra, xaricdə olsa da, 2015-ci ilin aprelində müstəntiqin qəbuluna gəlib. Yəni ki, qaça da bilərdi. "Əgər mən mənimsəmədə iştirak etsəydim, ölkəyə qayıtmazdım", - Canik belə deyir. Xatırlatmaq yerinə düşər ki, o özü gəlməsəydi də, güclə gətirəcəkdilər. O (həyat yoldaşından fərqli olaraq) Azərbaycan vətəndaşıdır və istənilən ölkə prokurorluğun tələbi ilə onu deportasiya edəcəkdi.
Mayın 2-də cinayət işi başlanıb və o heç şikayət də etmirdi. Amma dekabrdakı həbsini artıq "qanunsuz saxlama" adlandırır. O, cinayət işinin bank işindən heç kimin xəbəri olmadığı "bandotdel"də aparıldığını deyir. Hətta təəccüblənir ki, müavini Emil Mustafayev niyə şikayət ərizəsini Baş Prokurorluğa deyil, "Bandotdel"ə yazıb. Canik, dediklərin cəfəngiyyatdır axı. Əgər müavinin Baş Prokurorluqla "Bandotdel"i qarışdırırsa, burda sənin də günahın var - köməkçilərini işgüzar keyfiyyətlərinə görə seçməli idin, sənin Mustafayevini isə Beynəlxalq Bankın yeni rəhbərliyi də işdən çıxardı.
Fərqi nədir ki, işi hansı müstəntiq, yaxud hüquq-mühafizə orqanlarının hansı bölməsi aparır, axı prokurorluqda da hüquqşünaslar əyləşib, "bank işinin biliciləri" yox. Bundan əlavə, Baş Prokurorluq onsuz da istintaqa prosessual nəzarəti həyata keçirirdi. Hakimlər də təcrübəli hüquqşünaslardır və bunları gözəl anlayırlar. Bəs Canikin düşüncələri kimə ünvanlanıb?

Yəqin ki, müxalifət mətbuatına və okeanın o tayındakı dostlarına. Onların əlinə "Heç bir günahı olmayan bankirin hüquqlarını pozduğuna görə" hakimiyyəti qaralamaq üçün yeni fürsət düşüb. Bu işdə xeyli təcrübələri var.
Lakin Canikin cinayətləri o qədər aşkardır ki, heç müxalifət mətbuatı da onun hüquqlarının qorunması üçün heç nə etmədi, xarici dostları da susmaqdadır. Halbuki, Canik daşı onların bostanına atmışdı. Görün Maliyyə Nazirliyini günahlandırdığı işlər barədə necə pafoşla danışır, halbuki onları elə özü batırıb.
Canikin sözlərinə görə, o, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rol oynayıb. "Məsələn, mən "Qazprom"la müqavilə imzalamışdım. Sonra Maliyyə Nazirliyi bunu pozdu. Albaniyadakı zavodlar da Beynəlxalq Bankın sərmayəsi hesabına tikilmişdi, lakin Maliyyə Nazirliyi burada da müqaviləni pozdu. Bu səbəbdən Azərbaycan 350 milyon dollar itirdi".
Canikə qulaq asanda adama elə gəlir ki, o lap Azərbaycanın qoruyucu mələyi imiş, bütün əməyini də Maliyyə Nazirliyi yerə vururmuş. Elə götürək "Qazprom"la müqaviləni. Canik, adam bir utanar ki, öz kredit maxinasiyaları ilə artıq tikilmiş AzMeCo zavodunu müflisləşməyə gətirib çıxarırsan, bundan əvvəl isə onu xammalla təchiz etməli olan "Bahar Energy"ni yox edirsən və zavodu ələ keçirirsən. Sonra isə şəxsi əlaqələrdən istifadə edərək, "Qazprom"la müqavilə bağlayırsan. Bir il əvvəl isə kəskin valyuta böhranı baş verən zaman Azərbaycan hökumətini məcbur edirdi ki, "Qazprom"la xroniki olaraq çatışmayan valyuta ilə hesablaşsın. Budur qəhrəmanlıq? Canikin və dostlarının mənəviyyatına qiymət vermək istəmirik, amma el arasında bunu başqa cür adlandırırlar.

Ümumiyyətlə, Maliyyə Nazirliyi elə onun üçündür ki, dövlət vəsaitinə qənaət edilsin. Axı hamıya aydındır ki, istənilən mühasibatlıq təqdim olunan smetanın xərclərini azaltmağa çalışır.
Yaxud da Canikin başqa ifadəsini götürək. Ailə üzvlərinin limitsiz kredit kartlarından istifadədə ittiham edilməsinə cavab verərkən deyir: "Prokuror deyir ki, guya plastik kartlar vasitəsilə 48 milyon mənimsənilib. Guya bu pullar aviabiletlərə və gözəllik salonlarına xərclənib. Bu pulu xərcləmək üçün gərək sutkanın 24 saatını təyyarədə keçirəsən. Ailə üzvlərimin bütün xərclərini bağlamışam. Bu ittihamlar əsassızdır".
Əlbəttə, hansı pulu hara xərcləməyin lazım olduğunu Canik daha yaxşı bilir. Amma bir deyin, yarısı dövlətə məxsus olan banka rəhbərlik edən Canikdə bu qədər pul haradandır? Axı o bu pulları ailəsinə xərclədiyini danmır. Heç dana da bilməz, çünki hamısı sübuta yetirilib. Məgər yalnız bağlanmamış kreditlər istintaqın diqqətini cəlb etməlidir?
Bir çox bank işçiləri daha xırda qanun pozuntularına görə də cavab verməli olurlar. Burada isə söhbət milyonlarla dollardan, avrodan, manatdan və funt sterlinqdən gedir.
Bəli, Canikin ailə üzvlərinin adına kreditlər heç bir şey tələb olunmadan rəsmiləşdirilirdi. Axı kim nəsə tələb edə bilərdi? Bu ki Canikin göstərişi idi! Doğrudur, göstərişlər şifahi verilirdi ki, sonradan yaxınlarını məsuliyyətə cəlb etmək mümkün olmasın: "Həyat yoldaşımın dalınca Londona operativ dəstə göndərdilər. Onların əlində olan ittihamı Londonun İnterpolu qəbul etmədi, çünki əsassız idi. Zamirə Hacıyevanı gətirərdiniz, niyə alınmadı? O zaman Zakir Nəsirov və Hacı Məmədov həyat yoldaşımın azad edilməsi üçün 20 milyon istəyirdilər. Mənimsəmə olsaydı, verərdim".
Bəli, həyat yoldaşını, kredit borcu olmayan xarici ölkə vətəndaşını istintaqa cəlb etmək asan məsələ deyil. Sübutları göndərmək, yazışmalar aparmaq lazımdır, hələ bilmək də olmaz ki, o biri ölkənin hüquq-mühafizə orqanları buna necə yanaşacaqlar. O ki qaldı Zamirə xanımın azad edilməsinə, bu, Canikin ən yaxşı əməllərindəndir - onun sayəsində ölkə Hacı Məmmədovun dəstəsindən qurtuldu. Onun isə Canikin real varidatından yəqin ki xəbəri var idi.
Bunun əvəzində isə Canik ölkəmizə xeyli qaytarılmamış kredit qoyub gedib. Artıq dəqiq məlumdur ki, hökumət bədbəxt "Aqrarkredit"ə Beynəlxalq Bankın pis aktivlərindən 6 milyard manat keçirib. ABB-nin özünü "çirkab"dan azacıq təmizləmək mümkün oldusa da, istifadəsiz qalmış bu milyardlara görə Azərbaycan xalqı cavab verəcək. Bunları etiraf etmək yerinə, o bütün günahları Samir Şərifovun üzərinə yıxır.
Son sözündə Canik bankın auditor komitəsinin sədrinin niyə çıxış etmədiyini soruşur. Bunun səbəbi, yəqin ki, hamıya məlumdur. Auditor da Canikin qurduğu və bildiyi kimi işlətdiyi cinayətkar bank sisteminin bir halqası olub.
Düşünürdülər ki, Canik daimidir, amma hər zamankı kimi oldu. Bir vaxtlar Canik onları girdaba çəkib və oradan çıxmaq mümkün idi, indi isə hamının yolu birdir - həbsxanaya. İndi özündən razı halda kimə neçə il həbs cəzası veriləcəyinin fərq etmədiyini deməyin heç yeri deyil. Bircə ildən sonra başqa cür oxuyacaqlar.
Elnur Məmmədov,
Iqtisadiyyat şöbəsi, virtualaz.org