"İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”
Bu gün inkişaf etmiş dövlətlərin qarşısında duran ən vacib məslələrdən biri ölkələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Təəssüf ki, bir sıra enerji resurslarına malik ölkələrin əksəriyyəti buna tam hazır deyil. Azərbaycan isə nəinki öz ölkəsini enerji ilə təmin edir, hətta dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır.
11 Oktyabr 2016 13:53 SosialBu gün inkişaf etmiş dövlətlərin qarşısında duran ən vacib məslələrdən biri ölkələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Təəssüf ki, bir sıra enerji resurslarına malik ölkələrin əksəriyyəti buna tam hazır deyil. Azərbaycan isə nəinki öz ölkəsini enerji ilə təmin edir, hətta dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələdə elektrik enerjisinin istehsalı və istehlakçıya çatdırılması xüsusi önəm daşıyır. Azərbaycanda elektrikin tarixinə ekskursiya edərkən diqqətimizi ilk növbədə çəkən məqam XIX-əsrin sonlarından etibarən Bakının neft sənayesinə olan maraq, bu sahədə çalışmağa başlayan xarici şirkətlərin fəaliyyətidir. Əsrin əvvəllərində Nobel qardaşlarının, "Simens" firmasının neft sənayesinə olan maraqları, həmçinin elektrik təsərrüfatının formalaşmasına və inkişafına təkan vermiş oldu. 1920-ci ildən sonrakı dövrdə də SSRİ məkanında olan elmi-texniki inkişaf fonunda bu sahədə bir çox işlər görülüb. Lakin görülmüş işlərin dönüş mərhələsi, iritutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi ötən əsrin 70-ci illərindən etibarən geniş vüsət alıb. Həmin dövrdə görülən bu işlərin təşəbbüskarı respublikaya yeni rəhbər təyin edilmiş Heydər Əliyev idi. Hakimiyyətə ikinci qayıdışından sonra ümumilli liderimiz H.Əliyev 70-80 illərdə energetika cahəsində gördüyü işlər haqda belə demişdir: "Hər dəfə elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi qarşısında - red) məsələ qoyarkən mənə deyirdilər ki, sənə nəyə lazımdır. Bizdə-SSRİ-də vahid elektrik enerjisi sistemi var... bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir". Ümummili liderimiz H.Əliyev istər 70-80-ci illərdə, istərsə də 1993-ildə hakimiyyətə qayıdışından sonra ölkənin energetika sahəsinə, o cümlədən Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir. Məhz onun təşəbbüsü və şəxsi nəzarəti ilə 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı-İstilik Mərkəzinin birinci növbəsi istifadəyə verilib. Açılış mərasimindəki çıxışı zaman ümumilli liderimiz bildirib: "Bizim bu günkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada həmin bu yerdə əsrin əvvəlində - 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda Neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, Neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur."
Elektroenergetika sahəsinin inkişafına dövlət qayğısı
Təsadüfi deyil ki, ümumilli lideri Heydər Əliyevin 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsini açdığı gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "Energetiklər günü" peşə bayramı kimi təsis edildi. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, ölkə iqtisadiyatının bütün sahələrində olduğu kimi elektroenergetika sahəsinə, eləcə də paytaxtan elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərməkdədir. "Bakıelektrikşəbəkə"ASC-nin fəaliyyəti 2006-cı ildə bərpa edildikdən sonra bu sahədə inkişaf və investisiya işlərinin müasir standartlara uyğun aparılması məqsədi ilə Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılması haqda müvafiq sərəncam verilmişdir. "Azərişıq" ASC hansı qurumun tərkibində və hansı statusda olmasından asılı olmayaraq öz missiyasını-istehlakçıları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməyi şərəflə yerinə yetirib, öz iş ənənəsini, öz simasını qoruyub saxlayıb. Müəyyən fasilədən sonra fəaliyyəti bərpa edilmiş "Azərişıq" ASC-nin bu günkü missiyası məhz qurumun keçmiş adını özünə qaytarmaq və Azərbaycanda gedən sosial-iqtisadi quruculuq prosesinə öz töhfəsini verməkdir. "Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, Azərişıq ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır və kabel xətləri çəkilir. Bütün bunlar inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir.
Kəndlərimizin sayrışan işıqları
Hazırda respublikanın əksər bölgələrində istismar müddətini başa vurmuş elektrik xətlərində ya əsaslı təmir işləri aparılır, ya da yeniləşdirilir. Xüsusən ölkənin cənub zonasında ötən əsrin 50-60-cı illərində istismara verilmiş xəttlər və yarımsatnasiyalar yenilənərək saz vəziyyətə gətirilir. Artıq qətiyyətlə demək olar ki, Lənkaran, Astara, Yardımlı, Masallı, Hacıqabul elektrik şəbəkələrində mövcud təhlükəli məqamlar aradan qaldırılıb. Ümumilikdə, cənub ərazilərində 12 yarımstansiyada yoxlama-təmir işləri aparılıb. Dağlıq ərazilərdən keçən bütün hava xətləri sazlanaraq işlək vəziyyətə gətirilib. 247 dayaq dəyişdirilərək dəmir-beton dayaqlarla əvəz olunub. 500-dən çox izalyator quraşdırılıb və 74 km köhnə naqil yenilənib. Artıq "Azərişıq" tərəfindən görülən işlərin nəticəsində Yardımlı rayonunun Bozayran kəndi simasını tamamilə dəyişib. Vaxtilə qaranlığa qərq omuş kəndə yeni çəkilmiş küçə işıqları xüsusi yaraşıq verir. Xatırlayıram ki, hələ orta məktəbdə oxuyan zaman dərslərimizi gündüz oxuyardıq ki, axşam işıqlar yanmayacaq. Futbol oyunları zamanı yığışıb nəzarətçini razı salardıq ki, oyunu izləyə bilək. Lakin bütün cəhdlərə baxmayaraq kənddəki yeganə yarımstansiya artıq yükləndiyindən arzumuzu ürəyimizdə qoyardı. Axşam saatlarında kənd camaatını razı salamaqdan ötrü növbəlilik prinsipi ilə bir saat "yuxarı", bir saat isə "aşağı küçəyə işıq verilirdi. Kənddə toyları ancaq şənbə və bazar günlərinə salardılar ki, bəlkə həmin günlər elektrik enerjisi verildi. Yas mərasimlərində isə ən yaxşı halda üç gün axşam saat 10-a qədər işıq olardı. Artıq bu gerçəkliklər geridə qalıb, Bozayran kəndi gün ərzində 24 saat işıqla təmin olunur. İndi nəinki hər evdə, hətta hər küçədə sayrışan işıqlar bərq vurur. "Azərişıq" tərəfindən yerlərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün optimal iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir. Hazırda bütün regionlarda müasir ofis binaları tikilməkdədir. Artıq 18 rayonda yeni binaların tikintisi başa çatdırılıb, 10 rayonda isə iş gedir. Binalarda şəbəkə əməkdaşları üçün hər cür şərait yaradılır, iş otaqları müasir qurğularla təmin edilir. Ev və obyektlərdə yeni tipli elektron sayğaclar quraşdırılır. İndiyədək 950 mindən çox elektron-rəqəmsal sayğac istismara verilib. Ödəmə əməliyyatlarında insan faktorunun minimuma endirilməsi üçün alış nöqtələrində məsafədən oxunma cihazları - "Alfa metronika RTU" quraşdırılıb. "Elster" tipli sayğaclar quraşdırılma və istismar yerindən asılı olaraq saatlıq, sutkalıq, həftəlik və aylıq sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır. Daha sonra avtomatik olaraq mərkəzə ötürür. İstənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandıqda sayğac mərkəz xəbərdarlıq məlumatlarını çatdırır. Bir sözlə, "Azərişıq" ASC öz missiyasını - istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini daim şərəflə yerinə yetirir.
Onilliyi əhatə edən fəaliyyət planı
Hesablamalara görə, 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 min meqavatdan 10 min MVt-a qədər artacaq. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb. Məhz bu kimi amillər nəzərə alınaraq Azərişıq"ASC tərəfindən regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin hərtərəfli təhlili aparılıb. Nəticədə ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni təşkil olunan 6 region üzrə 4 hissədən ibarət "İnkişaf və Yenidənqurma Proqramı" hazırlanıb. "Azərişıq" ASC-nin sədri Baba Rzayev bildirib ki, proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir: "Tədbirlər planı regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə hesablanıb. Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi-müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. "Azərişıq" tərəfindən 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. Qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib". Sirr deyil ki, indi hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə elektrik enerjisinin təminatı ilə bağlı yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar quraşdırılır. Heç şübhəsiz ki, görülən işlər regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxaracaq.
Alim Hüseynli
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün