Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də, coğrafi baxımdan Avropa və Asiya arasında yerləşməsi onun mədəni müxtəlifliyində öz rolunu oynamaqdadır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamışlar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırmışdır ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olmuşdur. Təəssüflər olsun ki, müasir dövrdə dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyin şahidi olur və bunu xalqların dinc şəraitdə bu cür təhlükələrlə qarşılaşdığını görürük.

Ölkəmiz güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb
 

Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də, coğrafi baxımdan Avropa və Asiya arasında yerləşməsi onun mədəni müxtəlifliyində öz rolunu oynamaqdadır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamışlar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırmışdır ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olmuşdur. Təəssüflər olsun ki, müasir dövrdə dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyin şahidi olur və bunu xalqların dinc şəraitdə bu cür təhlükələrlə qarşılaşdığını görürük. Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bir nümunədir. Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılmışdır. Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir. Artıq qətiyyətlə demək mümkündür ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyd edib ki, bu il iyirmidən çox dövlət, hökumət başçısı Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub. Azərbaycan Prezidenti 14 xarici səfər edib: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi humanitar sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi". Siyasi elmlər doktoru, dosent Elçin Əhmədov bildirib ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir. Onun sözlərinə görə, 2008-ci ildə də "Bakı prosesi" ölkəmizin təşəbbüsü ilə başlamış və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər "Bakı prosesi"nə daxildir. Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlmişdir: "2011-ci, 2013-cü, eləcə də 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır. Bakıda keçirilən üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər və bu mühüm tədbirlər ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Eyni zamanda, bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Bununla yanaşı, son illərdə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, BMT-nin VII İnternet İdarəçilik Forumuna, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzlərdən biri kimi qəbul olunur. Bundan əlavə, ölkəmiz III Qlobal Açıq Cəmiyyətlər Forumununda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər". Azərbaycan həm də özünü beynəlxalq aləmə idman ölkəsi kimi də tanıda bilib. Dövlət başçısı İ.Əliyev sözügedən iclasda bildirib ki, "Azərbaycan "Formula-1", Ümumdünya Şahmat Olimpiadası və digər tədbirləri təşkil etməklə idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan komandası Braziliyada keçirilən Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yeri tutub". E.Əhmədov qeyd edib ki, "Bakı-2015" ilk Olimpiya Oyunları idman tarixində yeni maraqlı səhifə açamışdır. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olmuşdur. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki mühüm idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. Bütün bunlarla yanaşı, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər reallaşan beş mühüm Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır. Yeri gəlmişkən xatırladaq ki, belə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31