Dənizçilik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev İranın “Qadir dəniz nəqliyyatı holdinqi”nə daxil olan “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə ilə görüşüb
11 Oktyabr 2016 12:53 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev İranın "Qadir dəniz nəqliyyatı holdinqi"nə daxil olan "Negin Kish İnternational Onshore & Development Company" şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə ilə görüşüb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Rauf Vəliyev dəniz nəqliyyatının inkişafını daim diqqətdə saxlayan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən söhbət açıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin son illərdə əldə etdiyi nailiyyətlər, donanmalarının texniki imkanları, daha müasir gəmilərlə zənginləşdirilməsi, nəqliyyat donanmasının Xəzərdənkənar fəaliyyətinin bərpası və genişləndirilməsi üçün atılan mühüm addımlar barədə qonaqlara ətraflı məlumat verib. Qonaqlar təmsil etdikləri şirkətin çoxaspektli nəqliyyat xidmətləri göstərdiyini, maye qazın daşınması, sənaye layihələrinin işlənib hazırlanması, gəmiqayırma, neft emalı, neft kimya sahələri üçün avadanlıq və cihazların alınması və satılmasını və s. həyata keçirdiyini diqqətə çatdırıblar. Görüşdə iki ölkə arasında gəmiçilik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğu bildirilib, dəniz nəqliyyatı, xüsusilə Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.