Daşkənddə "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfransda Azərbaycan təmsil olunub
Cari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfrans keçirilib.
10 Oktyabr 2016 14:41 SosialCari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfrans keçirilib.
Qeyd edək ki, Daşkənd Dövlət İqtisadiyyat Universitetində turizmin müxtəlif sahələrinə dair fakültələr fəaliyyət göstərir.
Konfrans "Özbəkturizm" Milli Agentliyi, Özbəkistan Təhsil Nazirliyinin birgə dəstəyi ilə təşkil edilib.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Özbəkistan Təhsil Naziri Rüstəm Kasımov, "Özbəkturizm" Milli Agentliyinin rəhbəri Fərrux Rizayev Özbəkistanda turizm sahəsində təhsil, ölkədə son illər əldə edilmiş nailiyyətlər, problemlər, regionlarda həyata keçirilən tədbirlər barədə danışaraq, bu sahədə mövcud problemləri və perspektivləri ekspertlərin müzakirəsinə təqdim ediblər.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov turizm sahəsində Azərbaycan təcrübəsi, Azərbaycan-Özbəkistan əməkdaşlığı mövzusunda məruzə ilə çıxış edib.
O, məruzəsində Azərbaycan dövlətinin turizmin inkişafına böyük önəm verdiyini, 2011-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə "turizm ili" elan edildiyini qeyd edib. Azərbaycanın böyük infrastruktur layihələrinin həyata keçirdiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğu məruzədə xüsusi vurğulanıb.
Məruzə ilə yanaşı Azərbaycanın turizm potensialına dair videoçarx nümayiş etdirilib.
Diplomat Bakı şəhəri, Xəzər dənizinin sahillərindəki istirahət zonaları, Naftalan, Naxçıvan Duzdağ sanatoriyaları, müalicə-kurort mərkəzləri, habelə Azərbaycanda yeni açılan Şahdağ-Qusar, Tufandağ-Qəbələ qış turizm mərkəzləri barədə geniş məlumat verərək, Özbək turistləri üçün Azərbaycana səyahət etməyin qaydaları və yeni imkanlardan danışıb.
Tədbirdə məlumat verilib iki, iki ölkə arasında vizasız gediş-gəliş, birbaşa həftədə iki dəfə uçaq reyslərinin olması, dil, mədəniyyət, adət-ənənələrin yaxınlığı Özbəkistanla Azərbaycan arasında turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərir.
Samir Abbasov Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq, 2015-ci ildə Özbəkistandan Azərbaycana səfər edənlərin sayının 15 min 185 nəfər olduğunu bildirmiş, potensialın böyük olduğuna diqqəti cəlb etmişdir.
Qeyd edək ki, Konfransın materialları xüsusi topluda çap edilib və istifadə üçün Daşkənd Dövlət İqtisadiyyat Universitetinin turizm sahəsi üzrə fakültələrinə təqdim edilib.
Azərbaycan Səfirliyinin nümayəndəsi, "Windham" otellər şəbəkəsinin baş meneceri və Tailandın turizm üzrə eksperti Özbək tərəfi ilə sıx əməkdaşlığa və ətraflı məruzəyə görə Konfransın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüblər.