Elçin Hüseynbəyli yazır... ABŞ-ın müəmmalı Qarabağ mövqeyi...

ABŞ-ın dövlət katibi (həm də xarici işlər naziri) Con Kerrinin Qarabağ münaqişəsinin həllilə bağlı bədbin və müəmmalı proqnoz verməsi çoxlarımızı narahat etdi və təbii ki, ən böyük narahatlığı dövlətimiz, prezidentimiz və digər məsul şəxslər keçirdilər. Bu narahatlığı daha çox ölkə Prezidenti İlham Əliyev keçirdi və Nazirlər Kabinetinin üzvlərilə keçirdiyi cümə toplantısında geniş və aydın şəkildə ifadə etdi.

Elçin Hüseynbəyli

ABŞ-ın müəmmalı Qarabağ mövqeyi...

ABŞ-ın dövlət katibi (həm də xarici işlər naziri) Con Kerrinin Qarabağ münaqişəsinin həllilə bağlı bədbin və müəmmalı proqnoz verməsi çoxlarımızı narahat etdi və təbii ki, ən böyük narahatlığı dövlətimiz, prezidentimiz və digər məsul şəxslər keçirdilər. Bu narahatlığı daha çox ölkə Prezidenti İlham Əliyev keçirdi və Nazirlər Kabinetinin üzvlərilə keçirdiyi cümə toplantısında geniş və aydın şəkildə ifadə etdi.

Necə ola bilər ki, 20 ildən artıq bir müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri olasan, status-kvonun saxlanılmasını dəfələrlə qeyri-məqbul hesab edəsən və birdən qayıdasan ki, bu münaqişə İsrail-Fələstin münaqişəsindən də mürəkkəbdir və liderlər münaqişənin həllinə hazır deyillər. Aydın məsələdir ki, uzun illərdən bəri daim ermənipərəst mövqe tutmuş Con Kerridən bundan artığını gözləmək olmaz. Amma iş burasındadır ki, bir var bu mövqeni senat üzvü olanda bildirəsən, bir də var dövlət rəsmisi kimi.

Baxın, dostlar, ordumuzun 2-5 aprel zəfəri zamanı Con Kerri dəfələrlə regiona səfər elədi və hamını ümidləndirdi ki, ABŞ münaqişənin tezliklə həllində maraqlıdır. Elə ki, Azərbaycan bir daha sülhpərvər siyasətə sadiq qaldığını nümayiş etdirdi və ordumuzun yürüşünü dayandırdı, ondan sonra hər şey yenidən öz məhvərinə qayıtdı.

Prezidentin ictimai-siyasi əlaqələr üzrə köməkçisi, PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir az öncə qeyd eləmişdi ki, ABŞ Minsk Qrupunun həmsədrlərindən birdir və BMT TŞ-nin daimi üzvüdür və bu cür bəyanat başa düşülən deyil, ABŞ-ın mandatına da uyğun gəlmir.

Kerriyə görə, İsrail-Fələstin münaqişəsi, yəqin ona görə daha sadədir ki, döyüşən xalqların hər ikisi öz vətənində yaşayır.

Amma Dağlıq Qarabağ münaşəsi də mürəkkəb deyil axı. Çünki kimin torpağını kimin işğal etdiyini hamı bilir və bu, çoxdan sübut olunmuş məsələdir.

Münaqişənin başlamasından, Ermənistanın Azərbaycana və azərbaycanlılara təcavüzündən 28 il vaxt keçir. Mən azərbaycanlıların Ermənstandan deportasiyasını da bura qatıram. Həm Minsk Qrupu, həm Avropa Birliyi, həm Avropa Şurası kimi beynəlxalq təşkilatlar illərdir ki, bir şeyi daim vurğulayırlar: münaqişənin ən düzgün həll variantı sülh

yoludur. Hətta Roma papası Fransisk də son Bakı səfərində eyni sözləri dedi.

Olsun. Azərbaycan sülh yolundan heç zaman imtina eləməyib. Amma...

Məsələ də elə bu ammadadır, dostlar.

Müharibə Azərbaycan torpaqlarında gedir, bir milyona yaxın məcburi köçkün, 200 mindən artıq qaçqın da bizim ərazimizdə yaşayır. Bizim otlaqlarımız, örüşlərimiz, əkin yerlərimiz, mədəniyyət abidələrimiz, doğmalarımızın sığındığı məzarlar düşmən tapdağı altındadır. Bəs onda biz neyləyək: qəbir üstünə gedə bilmirsən, qız sonalaya bilmirsən, qohum-əqrəbanı yasdan-yasa, toydan-toya ancaq görə bilirsən.

Sadəcə bu dövlətlərin böyük əksəriyyəti xaçpərəstdir və bu məsələdə din qardaşlarının mövqeyini dəstəkləyirlər. Əgər işğal altında Ermənistan torpaqları olsaydı, bu on illiklər ərzində münaqişənin həllinə, az da olsa, yardım edərdilər.

Azərbaycanın özünə qalsa, münaqişə çoxdan həll olunmuşdu və bunu aprel zəfəri göstərdi. Bu uğurdan təşvişə düşən avropalılar yenidən tərəfləri sülh danışıqlarına çağırdılar və bizi əmin etdilər ki, ipə-sapa yatmayan Ermənistanı ağıllandıracaqlar. Amma sonradan məlum oldu ki, bu da köhnə havanın təkrarıymış.

O ki qaldı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın gecikmiş üzrxahlığına, bu, astarı üzündən betər kimi bir şeydir...

İndi nə məlum oldu? Çoxlarının dediyi kimi, biz yalnız özümüzə, öz dövlətimizə, prezidentimizə və ordumuza güvənməliyik. Başqa yol yoxdur...

Allah amanında, dostlar. Tanrı bizim düz yolumuza yardımçı olsun...

Amin!

07 oktyabr 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31