Vətən şəhid qadınların, döyüşçü anaların şərəfi ilə yaşayır

Qədim dövrlərdən başlayaraq ta bu günə kimi Azərbaycan qadını mənəvi - əxlaqi keyfiyyətləri ilə seçilib, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşdırılmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi keyfiyyətləri ilə xarakterizə olunan Azərbaycan qadını qəhrəman ana obrazını bu günə qədər qoruyub saxlayıb. Türk dünyasının mənəviyyat eposu olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də vətənpərvərlik və qəhrəmanlıq məziyyətləri ilə bəşəri idealların qalib gəlməsinə xidmət edir.

Qədim dövrlərdən başlayaraq ta bu günə kimi Azərbaycan qadını mənəvi - əxlaqi keyfiyyətləri ilə seçilib, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşdırılmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi keyfiyyətləri ilə xarakterizə olunan Azərbaycan qadını qəhrəman ana obrazını bu günə qədər qoruyub saxlayıb. Türk dünyasının mənəviyyat eposu olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də vətənpərvərlik və qəhrəmanlıq məziyyətləri ilə bəşəri idealların qalib gəlməsinə xidmət edir.

Eposda vətənpərvərlik hisslərinin tərbiyəsində böyük rol oynayan qadınlar qəhrəman Oğuz igidləri ilə çiyin-çiyinə döyüşüblər. Nahaq yerə deyilməyib ki, aslanın erkəyi-dişisi olmaz. Azərbaycan xalqının ədəbiyyat və mənviyyat abidəsi olan "Kitabi-Dədə Qorqud"da qabarıq formada boy göstərən qadın obrazları var: Burla Xatun, Banuçiçək, Selcan Xatun.

Burla Xatun obrazı mükəmməlliyi ilə seçilir. O, böyük bir elin namusunu, şərəfini qoruyan qadın kimi təqdim olunur, mübarizliyi, sədaqəti, igidliyi ilə seçilir. Oğlu Uruz dara düşərkən mətanətini itirmir, kafirlərin başçısının hiyləsinə qarşı ağlı, mübarizliyi ilə qələbə çalır. Eposda Burla Xatun Qazan xanın ən yaxın silahdaşı kimi təsvir olunub. Qazan xan döyüşdə yaralandıqda məhz Burla Xatun qılıncı əlinə alıb döyüşü qələbəyədək davam etdirir.

Eləcə də digər iki qadın Banuçiçək və Selcan Xatun da Oğuz elinin igid qadınları kimi ucalıq məqamına qalxırlar. El-obanın, ailənin müdafiəsində bu qadınların döyüşkən ruhları, qəhrəmanlıq hissləri Oğuz igidləri üçün stimul olur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" bütün dövrlər üçün vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən bir dastandı.

Massaget hökmdarı Tomris, Bərdə hökmdarı Nüşabə, Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə Xatun, türk dünyasının igidi Koroğlunun Nigarı, Quba xanı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər Azərbaycan qadınlarının baş tacıdır. Onların təkcə qadınlıq və analıq missiyası daşımaları deyil, həm də vətən, torpaq təəssübü çəkmələri, əllərində qılınc, çiyinlərində tüfəng düşmənlə vuruşmaları əsrlərin keçməkeşini aşaraq bu günün qadını üçün örnək olub.

1941-45-ci il müharibəsində kişilərlə bərabər, qadınlarımız da rəşadət göstərib, faşizm üzərində qələbənin təmin olunmasında canlarından keçiblər. Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova, baş leytenant Dürrə Məmmədova, Sona Nuriyeva, təyyarəçi Züleyxa Seyidməmmədova, müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olan Şövkət Səlimova vətənpərvərlik ənənəsinə malik olan bir xalqın yetirmələri kimi Azərbaycanın qəhrəmanlıq səlnaməsinə çoxlu sayda igidlik nümunələri yazıblar.

Azərbaycan qadınlarının qəhrəmanlıq səlnaməsi bununla bitmir. Əsrlərlə yağı gözü çıxaran torpaqlarımıza göz dikən mənfur ermənilərlə döyüşdə Milli Qəhrəman adı almış iki xanım - jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova bu səlnamənin son 25 illik səhifəlsini yazıblar. Erməni faşistlərinin 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu

günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparıblar.

Bu baxımdan demək olar ki, Qarabağ müharibəsində Azərbaycan qadınlarının çox böyük rolu olub, indi də davam edir. Həmin döyüşlərdə könüllü olaraq yüzlərlə Azərbaycan qadını iştirak edib. Sıravi əsgər, snayper, tibb bacısı, həkim kimi şəhid olan xanımları unutmaq olmaz. Elə analar olub ki, özünün doğma oğlu ilə çiyin-çiyinə döyüşüb, ya da yaralı əsgərlərə ilk tibbi yardım göstəriblər. Bu, azərbaycanlı qadınların analıq şərəfinə işıq salan balaca bir elementdi. Qadın anadı, döyüşçüdü, qayğıkeşdi, təəssübkeşdi, vətən torpağına sinə gərəndi, nəhayət qəhrəmandı. Bu faktorlar azərbaycanlı xanımlarda cəm halında birləşib ana vətənin şərəfli və qürurlu qadın obrazını yaradır.

Bu gün şəhid olmuş oğulları dünyaya gətirən analar bu vətənin əxlaq mücəssəməsi, şərəf heykəlidi. Dünyaya gətirib yüz əzab-əziyyətlə boya-başa çatdırdıqları övladlarını vətənə qurban edən belə ANAlar Azərbaycanın təkcə bu günü yox, həm də sabahı üçün müqəddəs varlıqdı. Onlar da övladları kimi qəhrəmandırlar. Oğullara qanla, südlə keçirdikləri vətənpərvərlik hissinə, qəhrəmanlıq duyğusuna və şəhidlik məqamına görə bir ömür onlara borcluyuq.

Tankçı Kifayət Babayeva, kəşfiyyatçı Sevda Səfərova, Solmaz Əliyeva, tibb bacısı Mərziyyə Piriyeva, Nərminə Abbasquliyeva və çoxlu sayda adlarını çəkə bilmədiyim qadın Qarabağ döyüşlərində xanımlıqlarını evdə qoyub birbaşa səngərlərə gedib döyüşçü paltarı geyiniblər. Bu gün Qarabağ döyüşlərinin iştirakçısı olan bu qadınlar müharibə veteranı və qazi kimi torpaq üzərində dimdik dayanır, mərd addımlarla yeriyirlər.

Təbii ki, bu qadınların böyüdüb tərbiyə etdikləri oğulların ürəyində vətənpərvərlik və qəhrəmanlıq toxumaları boy atmaya bilməz. Vətən də məhz belə oğulların çiynində dayanır.

Vətən həm də şəhid qadınların ruhunda, döyüşçü anaların torpaq sevgisində, qəhrəman xanımların şərəfində yaşayır.

Züleyxa Nadir

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31