Tütünçülüyü niyə inkişaf etdirə bilmirik?

Dünya bazarında neftin qiymətinin düşməsi bir sıra ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Məsələ orasındadır ki, bəzi ölkələr iqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədilə müxtəlif antiböhran tədbirlərinə əl atsalar da nəticə əldə olunmayıb. Yaranmış vəziyyəti nəzərə alan Azərbaycan da şaxələndirilmiş iqtisadi siyasətə üstünlük verir.

Prezidentin sərəncamı bu sahədəki problemləri aradan qaldıracaq
 

Dünya bazarında neftin qiymətinin düşməsi bir sıra ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Məsələ orasındadır ki, bəzi ölkələr iqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədilə müxtəlif antiböhran tədbirlərinə əl atsalar da nəticə əldə olunmayıb. Yaranmış vəziyyəti nəzərə alan Azərbaycan da şaxələndirilmiş iqtisadi siyasətə üstünlük verir. Daha doğrusu, qeyri-neft süktorunun inkişafına nail olmaqla iqtisadi inkişafı təmin etmək yolu seçib. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Belə ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu günlərdə isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir. Bu sərəncamla nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir. Maraqlıdır, Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsi üçün hansı potensial imkanlar mövcuddur? 
Hüquqi bazanın yaradılması zəruriliyi 
 Əvvala qeyd edək ki, Azərbaycanın aqrar sektorunda qida məhsulları ilə yanaşı, strateji hesab edilən bitkilərə yeni həyat verilməsi hökumətin əsas prioritetləri sırasına daxil edilib. Vaxtı ikən həm daxili bazarı təmin edən, həm də xaricdə reallaşdırılan tütünün ölkə iqtisadiyyatına əvvəlki töhfəsinin qaytarılması məqsədilə Azərbaycanda tütünçülüklə bağlı yeni qanun layihəsi hazırlanıb. Məlumata görə, qanunda öz əksini tapmalı olan məsələlər artıq hökumətə təqdim edilib. Təqdim olunan təkliflərdə nəzərdə tutulur ki, tütünçülükdə dönüş yaradılması üçün bu sahə ilə bağlı elmi-tədqiqat işlərini aparan qurum yaradılsın. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda tütünçülüklə bağlı elmi-tədqiqat işləri aparılmır. Mütəxəssislər isə hesab edirlər ki, sözügedən sahənin yenidən dirçəldilməsi üçün elmi tədqiqatların aparılması zəruridir. Bundan başqa, təkliflər sırasında tütünün seleksiyası, toxumçuluğu, habelə becərmə texnologiyasında qabaqcıl texnologiyalardan istifadə edilməsi yer alıb. Eyni zamanda, hazırda dünyada olan yeni və keyfiyyətli tütün sortlarının gətirilərək, ölkədə sınaqdan keçirilməsi və yerli iqlim şəraitinə uyğun olanların fermerlərə təklif edilməsi də qanun layihəsində qeyd edilməsi təklif olunur. 
20 kq xarici tütün toxumu üçün 21 min ABŞ dolları
Yeri gəlmişkən xatırladaq ki, 2016-cı ildə Azərbaycanda 2 500 ha sahədə tütün əkilib, onun 1 700 ha "Virginya" sortu, qalanı yerli sortlar olub. Ölkə daxilində tütün istehsalı ilə məşğul olan özəl şirkətlər Azərbaycanda becərilən yerli toxumları qəbul etmirlər. Belə ki, yerli şirkətlərdən biri bu il 20 kq xarici tütün toxumu üçün 21 min ABŞ dolları ödəyib. Hərçənd Azərbaycanda tütünçülüyün intensiv inkişaf etdiyi dövrdə 17 ha sahədə tütün toxumu əkilirdi və tütün toxumuna olan daxili tələbat 500 kq-ı ötmürdü. Mütəxəssislər isə qeyd edirlər ki, uzun müddətdir dövlət başçısının tütünçülüyün inkişafına dair verdiyi tapşırıqlara baxmayaraq, hələ də real işlər aparılmır. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri Imran Cümşüdov tütünçülüyün inkişafı barədə danışarkən deyib ki, tütün əkini sahələri 8 dəfə arta bilər.
Onun sözlərinə görə, fermerlərə hər hektar tütün əkininə görə əlavə 40 manat subsidiya verilir, güzəştli qiymətlərlə (80 faiz) mineral gübrələr və lizinq yolu ilə (40 faiz güzəştlə) müasir texnika, avadanlıqlar, suvarma sistemləri satılır: "Tütünçülüyün inkişaf etdirilməsi üçün ölkədə zəngin ənənə və böyük potensial mövcuddur. Bu da imkan verir ki, növbəti illərdə tütün əkini sahələrini 16 min hektara çatdıra bilək. Iyulun 1-nə olan məlumata görə, respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar çoxdur. Hazırda bu bitkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir". O, qeyd edib ki, respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur.
 Fermerlər niyə bu sahəyə maraq göstərmirlər?
Maraqlıdır, tütün əkininin fermer üçün cəlbediciliyi varmı? Əkin sahələrinin artırılması nə qədər səmərəlidir? Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyib ki, ölkədə istehsal olunan 3,5 min ton tütünün hamısı ixraca gedir. Ölkədə istehsal olunan tütünün keyfiyyəti aşağı olduğu üçün nisbətən ucuz qiymətə - 3 dollar civarında satılır: "Fermerlərə sərf etmədiyi üçün onlar bu sahə ilə məşğul olmaqda maraqlı deyillər. Tütün enliyarpaqlı bitki olduğu üçün suvarma suyuna çox ehtiyacı var. Bu bitki təxminən 7 dəfə suvarılmalıdır. Bununla əlaqədar problemlər var. Tütün qida maddələrinə çox tələbkardır. Ölkəyə gətirilən mineral gübrələr baha və keyfiyyətsizdir. Bundan istifadə olunsa da, yaxşı nəticə əldə edilmir. Fermerlərin tütünçülük sahəsilə bağlı bilgisi olmalıdır. Orada yanlışlığa yol verəndə lazımi nəticə əldə olunmur". V.Məhərrəmov qeyd edir ki, bu sahə ilə məşğul olmaq üçün fermerlərin kifayət qədər maliyyə resursları və marağı olmalıdır. Onların istehsal etdikləri məhsula ölkə daxilində tələbat olmalıdır. "Keyfiyyətli və bizdəkindən ucuz tütün istehsal edən olarsa, bizim bazar bağlana bilər. Ona görə də dayanıqlı və davamlı olmadığından, bu sahə riskli hesab edilir". Bütün sadalananlara baxmayaraq mütəxəssislər hesab edirlər ki, dövlət başçısının məlum sərəncamından sonra ölkədə tütünçülüyün inkişafına nail olmaq mümkün olacaq.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31