Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdəndir

Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb. "OLAYLAR"-ın xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakı yüksək qiymətləndirilib. Firudin Nəbiyev Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitin, yeni salınmış yaşayış komplekslərinin, eyni zamanda həyata keçirilən digər sosial layihələrin əhəmiyyətini vurğulayıb. F.Nəbiyev deyib ki, bütün bu səylərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin bir çoxu hələ öz həllini tapmayıb. Əsas səbəblərdən biri də Ermənistanın destruktiv mövqeyi nəticəsində münaqişənin bu vaxtadək həllinin tapılmamasıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların yekunlarından asılı olaraq münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə BMT, ATƏT və digər qurumların Azərbaycan hökuməti ilə razılaşdırılmış şəkildə əməkdaşlığı vacibdir. Dövlət Miqrasiya Xidmətinin rəisi əlavə edib ki, 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31