Sənin əmiliyinə bir “quş”, Teymur əmi...

İnsan kim olursa olsun - gəncdi, ya qocadı, sosaial statusu nədi, alimdi, fəhlədi, biznesmendi, məmurdu, yaxud da şou əhlidi, fərq etməz, gərək İNSANlığını hər şəraitdə, hər situasiyada qoruya bilsin, onu bir qəpiklik edib, tapdalamasın. Amma nə yazıqlar ki, bizim müğənnilərin, daha doğrusu şou-biznes nümayəndələrinin çoxu belə ali hisslərdən məhrumdu.

İnsan kim olursa olsun - gəncdi, ya qocadı, sosaial statusu nədi, alimdi, fəhlədi, biznesmendi, məmurdu, yaxud da şou əhlidi, fərq etməz, gərək İNSANlığını hər şəraitdə, hər situasiyada qoruya bilsin, onu bir qəpiklik edib, tapdalamasın. Amma nə yazıqlar ki, bizim müğənnilərin, daha doğrusu şou-biznes nümayəndələrinin çoxu belə ali hisslərdən məhrumdu.

Özlərini cəmiyyət arasında apara bilmirlər, böyük-kiçik saymırlar, əxlaqa sığmayan, mentalitet çərçivəsini aşan söhbətlərlə şəxsiyyətlərini ucuzlaşdırır, yerdən yerə vururlar. Anlamaq istəmirlər ki, boy göstərdikləri televiziya kanallarına təkcə özləri kimiləri yox, həm də bu millətin ağsaqqalı, qarasaqqalı, böyüyü-kiçiyi, lap elə balaca uşağı da baxır. Başa düşmək istəmirlər ki, onların studiyadakı mədəniyyətsiz oturuşları, özündənrazı duruşları, mənasız baxışları, şit zarafatları, duzsuz söhbətləri, bir-biri ilə qarşılıqlı söz atmacaları ikrahla qarşılanır. Kaş ki, biləydilər. Acımaqdan çox, ağrıyaraq deyirəm ki, bilmirlər, bilmirlər, bilmirlər...

İnsanlar bir ətək pul verib evinə televizor alır ki, efitdən yaxşı sözlər, xoş xəbərlər eşitsin, ruhuna sığal verə biləcək maraqlı verilişlər, əhvalına xoş təsir bağılyacaq əyləncəli proqramları izləsinlər. Belə çıxır ki, zəhmətlə qazandığımız halal pulumuzu havaya sovururuq. Çünki evin yuxarı başında yerləşdirdiyimiz həmin cihazı şou proqramlar ucbatından çox vaxt bağlı saxlayırıq. Hansı kanalı açırıq şit söhbətlər, saxta gülüşlər, əhəmiyyətsiz proqramlar ekrandan boy verir. Hətta illərlə hörmət etdiyimiz, sənətini sevdiyimiz, səsini bəyəndiyimiz yaşlı müğənnilər də bu axına qoşulurlar.

Teymur Mustafayev xalq artistidir, yaxşı da səsi var. İllər öncə mən onu "Sudan gələn sürməli qız" mahnısı və rəhmətlik Nəzakət Məmmədova ilə oxuduğu duetlərdən bəyənmişdim. Dediyinə görə, Seyid Şuşinski, Əhməd Bakıxanov müəllimləri olub. İfa etdiyi muğam və təsniflər teleradionun fondunda saxlanılır. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. Farslar demiş, xub. Demk, bu gün 77 yaşı olan müğənni artıq musiqi sənətinin bilicisi, mahnı janrının peşəkarı sayılır. Bir ağsaqqal müğənni, kişi, lap elə insan kimi artıq onun oturuşu-duruşu, danışığı tamaşaçılara nümunə olmalıdır. Nə yazıqlar ki, belə deyil.

Bu günkü gənclik onun çoxlu sayda oxuduğu xalq mahnılarını, muğam və təsniflərini dinləmir. Dəfələrlə şahid olmuşam ki, "Teymur Mustafayevi tanıyırsanmı?" sualı verilən gənc "yox" cavabını verib. Sual verənin təəccübləndiyini görəndə isə "qəti qorxusu yoxdu əmi canı..." deyə gülüb. Bu, Teymur Mustafayevin faciəsidi, məncə. Çünki bu günkü və gələcək nəslin yaddaşında "qəti qorxusu yoxdu əmi canı..." deyimi ilə yadda qalmaq onun sənətinə, səsinə, oxuduqlarına kölgə salmaqdan başqa heç nəyə yaramır. Özünün hər cümləbaşı işlətdiyi bu sözlər çoxdan onun "brendinə" çevrilib.

Halbuki gül kimi "Teymur əmi" təqdimatını qoruyub saxlasaydı musiqi tarixində daha xoş xatirələrlə qalardı. Həmkarları ona Teymur əmi deyir, elə jurnalistlər də belə müraciət edirlər.

Əminəm ki, qohum-qonşuda, dost-tanış arasında da onu bu adla çağırırlar. Nə gözəl! Çox yaxşı statusdu. Amma Teymur Mustafayev dünən-srağagün əmilik statusunu heçə endirdi. Müğənni Mətanət Əsədova ilə televiziyaya dəvət olunan 77 yaşlı bu kişi oxuduğu mahnı ilə birlikdə özünü də ucuzlaşdırdı, tamaşaçını da iyrəndirdi. Mətanətlə üz-üzə dayanaraq guya ona musiqi ithaf edən "Teymur əmi" mahnının sözlərini improvizə edərək "Mətanət, otağına gələ bilmirəm, tüfəngim paslanıb, ata bilmirəm" sözləri ilə qadına müraciət etdi. Mətanət Əsədova isə gözləmədiyi sözlərdən təəccüblənsə də, Teymur Mustafayevdən fərqli olaraq mətanətini saxladı və mahnı oxumağa başladı.

Tamaşaçıda öncə gülüş doğuran, az sonra isə onu ağrıdan bu səhnə Azərbaycan televiziyazı üçün heç də xoş deyil, hətta deyərdim ki, utancverici və üzqarasıdı. Əməkdaş bunları adam bilib verilişə dəvət edib. Dəvət edib ki, verilişdə sənətdən söz açıb mahnı oxusunlar. Deməyib ki, ağzına gələni danışsınlar. Deməyib ki, Azərbaycan kişisi, özü də belə üzdə olan kişi həddini aşsın.

Mətanət Əsədova Teymur Mustafayevin övladı yerində olan müğənnidi, həmkarıdı. Aralarında çox böyük yaş fərqi var. Teymur Mustafayevdən öyrənən vaxtıdı. Əgər Mətanət özlərinin təbirincə desəm, ağzından "rastamoşka" olunmamış söz çıxarsaydı bu, bəlkə də tamaşaçı üçün təəccüblü olmazdı. Çünki bir il əvvəl də efirdə Mətanət Əsədova ilə özünə alim deyən Əziz Musaoğlu arasında xoşagəlməz, biabırçı qalmaqal omuşdu. Əziz Musaoğlu Mətanət Əsədovaya fahişə demişdi. Şərəf və ləyaqətinin alçaldığını deyən müğənni "alimi" (alim sözünü ona görə dırnaqda yazıram ki, heç vaxt elmi dərəcənin daşıyıcısı olan kəs belə küçə sözünü dilinə almaz) məhkəməyə verərək birbaşa efirdə ondan üzr istəməsini, mənəvi ziyana görə isə 100 min manat təzminat ödəməsini tələb etmişdi. Sonrasını bilmirəm. Məhkəmə keçdimi, Mətanətin iddiası təmin olundumu?

Nədir bu qadının kişilərdən çəkdiyi? Bəlkə Mətanət Əsədova bundan sonra efirə kişi tayfasının nümayəndəsi ilə çıxmasın? Mən Əsədovanı tərifləmirəm, nə də ona haqq qazandırmıram. Bəlkə də kişilərin onunla bu cür davranmasında özü günahkardı. Bəlkə də haqqında belə sözlər deyilməsi üçün özü şərait yaradır. Bütün hallarda kişi olan kəs öz təmkinini və şərəfini qorumalı, ləyaqətini saxlamalıdı.

Teymur Mustafayev isə bu verilişdə yaşına-başına yaraşmayan sözlərlə quş buraxdı. Adam bəlkə hələ də anlamayıb ki, olan-qalan hörmətini itirdi.

Sənin əmiliyinə bir "quş", Teymur əmi!

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31