Nazirlər niyə əlçatmaz olublar?

Beynəlxalq praktikada gənc ailələrin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Etiraf edilməlidir ki, Azərbaycanda da gənc ailələrə dövlət qayğısı daim müşahidə olunmaqdadır. Bunun üçün ölkədə qanunvericilik bazası yaradılıb, xüsusi dövlət proqramları qəbul edilib.

Deputat: "Yaxşı olardı ki, nazir və baş nazir müavinlərinin deputat korpusu ilə mütəmadi görüşləri təşkil olunsun"
 

Beynəlxalq praktikada gənc ailələrin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Etiraf edilməlidir ki, Azərbaycanda da gənc ailələrə dövlət qayğısı daim müşahidə olunmaqdadır. Bunun üçün ölkədə qanunvericilik bazası yaradılıb, xüsusi dövlət proqramları qəbul edilib. Buna baxmayaraq hələ də gənc ailələrin bir sıra problemlərinin həllinə ehtiyac duyulur. Xüsusən, bu kateqoriyadan olan ailələrin mənzillə təminat və məşğulluq məsələlərinin həlli istiqamətində görüləsi xeyli işlər mövcuddur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda "İpoteka haqqında" qanunun qəbulu belə gənc ailələrin mənzillə təminat məsələsini köklü şəkildə həll edə bilməyib. Millət vəkili Elmira Axundova bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da gənc ailələrin sosial dəstəyə ehtiyacı var: "Bir neçə ildir ki, mən "Gənc ailələrin sosial dəstəyi haqqında" qanun layihəsinin hazırlanmasını təklif edirəm. Bura işlə təminat, sosial mənzillər, sosial ipoteka, asudə vaxtların səmərəli keçirilməsi və s. kimi məsələlər daxil ola bilər. Bir çox MDB dövlətlərində artıq mövcud olan belə bir qanunun bizdə də qəbul olunması günümüzün tələbidir. Özü də bu qanun o qədər maliyyə tutumlu deyil, çünki cənab Prezidentin sosial-siyasəti nəticəsində bir çox sadaladığım məsələlər artıq icra olunmaqdadır. Sadəcə bunları qanun şəklində sistemləşdirmək olardı". Millət vəkili qeyd edib ki, bu və ya digər qanunlarda müvafiq müddəaların olmasına baxmayaraq onlar zəif işləyir. Bunun səbəbi bir tərəfdən qeyri-effektiv icra mexanizmidirsə, digər tərəfdən əhalinin icra mədəniyyətinin aşağı olmasıdır. Belə ki, bir çoxları onlara münasibətdə qəbul edilən inzibati-maliyyə tədbirlərinə tabe olmağı vacib saymırlar: "Məsələn, vətəndaşlar kiçik qanun pozuntularına görə onlara tətbiq olunan bu və ya digər cərimələri illərlə ödəmirlər. Halbuki bu cərimə cəzanın ən humanist formasıdır, alternativi azadlıqdan məhrumetmədir. Bir çoxları dövlətə cərimələri və ya ailəsinə alimenti ödəməmək üçün işə müqaviləsiz düzəlirlər və ya maaşı qara kassadan alırlar. İcra məmurlarının sorğusuna isə cavab verirlər ki, heç bir yerdə işləmirlər. Mən artıq belə məsuliyyətsiz vətəndaşlara qarşı mülki və digər hüquqların məhdudlaşdırılmasını təklif etmişdim. Hesab edirəm ki, payız sessiyası dövründə bu dəyişiklikləri etmək zəruridir. Digər misal: "İstehsalat və məişət tullantıları haqqında" Qanuna, həmçinin müəyyən olunmamış yerlərdə zibil atmağa görə cərimələrin sərtləşdirilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə 2013-cü ildə etdiyimiz dəyişikliklər işləmir. Abşeron, ictimai çimərliklər, həmçinin Bakının mərkəzdən aralı rayonlarında zibillik vəziyyəti qeyri-qənaətbəxşdir - bu sahəyə az diqqət ayıran bələdiyyə və icra hakimiyyəti ilə yanaşı lazım olmayan yerlərə, hətta pəncərədən həyətə kisələrlə zibil atan ölkə sakinləri də bu işdə günahkardırlar. Hesab edirəm ki, DİN sistemində ekologiya polisinin yaradılması haqqında qanun qəbul olunmalı və ya müvafiq qanunlara dəyişiklik edilməlidir. Bu qurum ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntuları üzərində nəzarəti həyata keçirməlidir". Millət vəkili əlavə edib ki, qanunverici və icra hakimiyyəti orqanı nümayəndələrinin daha sıx ünsiyyəti vacib şərtdir: " Deputatlar çox vaxt şikayət edirlər ki, zənglə bu və ya digər nazirə düşə bilmirlər, nazirlər əlçatmazdılar, hətta bəziləri büdcə müzakirəsi zamanı parlamentin iclasında iştirak etmirlər. Buna görə də, yaxşı olardı ki, nazir və baş nazir müavinlərinin deputat korpusu ilə mütəmadi görüşləri təşkil olunsun. Bu, məhz işgüzar görüşlər, fikir mübadiləsi, həmçinin deputatların bu və ya digər yüksək çinli məmura vermək istədiyi təklif və suallar olacaq. Öz növbəsində də nazirlər bu və ya digər problemə olan baxışını bizimlə bölüşəcək, qanunlara bu və ya digər dəyişiklikləri təklif edəcək. İnanın, bu, çox effektiv metoddur. Məsələn, bu cür metod Rusiya Dövlət Dumasında mütəmadi istifadə olunur. Bizdə də belə üsul bir neçə dəfə çoxdan qalmış problemin həllinə kömək edib. Misal üçün, iki il əvvəl İnsan alveri ilə bağlı Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazovun hesabatı zamanı uşaq dilənçiliyinə qarşı mübarizənin gücləndirilməsi üçün biz ona müraciət etdik. Nəticədə qısa müddət ərzində lazımi tədbirlər görüldü, hal-hazırda Bakı və digər şəhərlərin küçələrində dilənçiliklə məşğul olanların sayı əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə qanunverici və icra hakimiyyətinin birbaşa və daimi əlaqəsi çox vacibdir. Bu, qəbul edilən qanunların daha effektiv və daha operativ icrasına kömək edə bilər".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31