Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir

Azərbaycan siyasi cəhətdən mühüm bir mərhələ ərəfəsindədir. Söhbət sentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsindən gedir.

Azər Verdiyev: "Referendum da birmənalı şəkildə ölkəmizin müxtəlif istiamətlərdə inkişafını təmin edəcək"

Azərbaycan siyasi cəhətdən mühüm bir mərhələ ərəfəsindədir. Söhbət sentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsindən gedir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb. Beləliklə ümumxalq səsverməsi (referendum) cari il sentyabrın 26-na təyin edilib. Məlumat üçün qeyd edək ki, hazırkı Referendum Aktı ilə 1995-ci ilin noyabrında qəbul olunan Konstitusiyamıza 3-cü dəfə dəyişiklik edilir: Dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub. Bəzi dairələr, siyasi təşkilat və qurumlar konstitusiyaya dəyişiklikləri öz ənənələrinə sadiq qalaraq süngü ilə qarşılasalar da, bütövlükdə dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Ümumilikdə ümumxalq səsverməsinə çıxarılan dəyişiklikləri 3 bloka ayırmaq olar. Birinci blok icra hakimiyyəti strukturunda institusional dəyişiklikləri əhatə edir. İkinci blok Konstitusiyanın mətnində terminoloji dəqiqləşdirmələrə aiddir. Dəyişikliklərin böyük əksəriyyətini təşkil edən üçüncü blok isə insan hüquq və azadlıqlarının təminatının möhkəmləndirilməsi məsələlərinə toxunur.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin sədri, politoloq Azər Verdiyev hesab edir ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir: "Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 20 il bundan əvvəl qəbul olunub. Sonradan referendumla bir neçə dəyişiklik edilib. Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda (22 maddəyə 31 dəyişiklik) və 2009-cu ilin 18 martında (29 maddəyə 41 dəyişiklik) keçirilən referendumlarda olunub". Azər Verdiyev deyib ki, gənc dövlət kimi Azərbaycanın fəaliyyəti, inkişafı, dünya dövlətləri arasında özünə yer tutması, beynəlxalq konvensiyalara qoşulması belə bir zərurət yaranıb ki, Konstitusiyada müəyyən maddələrə dəyişikliklər edilsin". Azər Verdiyev həyata keçirilən islahatların idarəetmə sistemində təkmilləşdirməyə gətiirib çıxaracağını da deyir. Onun sözlərinə görə, 1995-ci ilin Azərbaycanı ilə 2016-cı ilin Azərbaycanı arasında xeyli fərq var: "Bu, həm də, qarşıya qoyulan məqsədlərə nail

olunmasına xidmət edir. Bu ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir. Ümumiyyətlə, referendum ölkəmiz üçün yeni imkanlar açacaq". Mərkəz rəhbərinin qənaətincə, vitse-prezident institutunun təsis edilməsi isə Prezidentin müvafiq fərman və sərəncamlarının yerinə yetirilməsini nəzarətdə saxlamaq, habelə iqtisadi islahatları daha da ixtisaslaşdırılmış səviyyədə həyata keçirmək imkanı yaradacaq: "Təbii ki, yeni struktur daha çevik islahatların həyata keçirilməsinə xidmət edir. Dünya ölkələrinin keçdiyi tarixi yola nəzər salsaq görərik ki, uğurlu inkişaf məhz struktur islahatlarından keçir. Bütlükdə referenduma çıxarılan dəyişikliklər Azərbaycana müsbət nəticələr vəd edir. Təcrübə onu göstərir ki, həyata keçirilən referendumlar ölkənin iqtisadi inkişafını və siyasi mənzərəsini birmənalı şəkildə inkişaf etdirir. Bu mənada builki referendum da birmənalı şəkildə ölkəmizin müxtəlif istiamətlərdə inkişafını təmin edəcəkdir. Hesab edirəm ki, hər bir vətəndaşımız referendumla bağlı məlumatlandıırlmalı və sağlam gələcək naminə bu dəyişikliklərə səs verməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31