44 gənc kadr gömrük orqanlarında işlə təmin edilib
26 May 2016 16:33 SosialArtıq müstəqil respublikamızın gömrük orqanlarına xidmətə qəbul xeyli vaxtdır ki, gömrük işində qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq müsabiqə və şəffaflıq əsasında aparılır. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu illər ərzində gömrük orqanlarına xidmətə qəbul olunmaq istəyən vətəndaşların müraciətlərinə müvafiq qaydada baxılaraq Dövlət Gömrük Komitəsində test imtahanı və müsahibə keçirilir, Azərbaycanın, eləcə də xarici dövlətlərin müxtəlif ali məktəblərini bitirən gənc mütəxəssislər işlə təmin edilir. Analoji üsuldan mütəmadi istifadə edən Dövlət Gömrük Komitəsi mövcud ənənəni davam etdirərək, bu günlərdə müxtəlif vaxtlarda respublikamızın ali məktəblərini bitirən məzunlar üçün test imtahanı və müsahibə keçirib. Tam şəffaflıq şəraitində aparılan imtahanda müraciət etmiş şəxslər öz biliklərini sınayıblar. Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar DGK-da yaradılmış Komissiya üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan və növbəti mərhələdən uğurla keçən 44 gənc kadr gömrük orqanlarında işlə təmin edilib.