“Xəbər yaydıq ki, Orucu erməni qızına görə öldürüblər” – Dəhşətli qətlin təfərrüatı

Şəkidə xəbər yaydıq ki, Orucu erməni qızının zorlanmasına görə öldürüblər”

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.  

Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.
əvvəli bu linklərdə:  

http://teleqraf.com/news/97838
http://teleqraf.com/news/97975
http://teleqraf.com/news/98107
http://teleqraf.com/news/98340
http://teleqraf.com/news/98448

"Məndən 20 min manat tələb etdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal Mustafayev bildirib ki, bir neçə gün keçdikdən sonra İqbal ondan 20000 manat tələb edib: "Bundan 10 min manatın özünə, 10 min manatın isə Orucun öldürülməsinə görə Elçinə çatmalı olduğunu dedi. O, Oruc öldürüldükdən sonra onun bütün mülkünə Sevinclə birlikdə sahib çıxmğımı dedi. İqbala haqsız olduğunu bildirdiyim və aramızda olan dostluq münasibətləri pozuldu. Belə olduqda İqbalın məni "yükləməsi", yəni borclu olduğum 1000 manat əvəzinə 10000 manat istəməsi barədə Şəki şəhərində hörmət qazanmış bir şəxs kimi tanınan Rüfət Nurəliyevə bildirdim. Ona Orucun öldürülməsi barədə söhbəti demədim. Rüfət də İqballa görüşərək bu məsələni həll edəcəyini dedi".

"Gördüm ki, danışdıqlarımız yazılıb"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gündən sonra İqbal zəng edib və onu özünün çayxanasına çağırıb: "Oraya gələndə çayxanada Elçin, İqbal və tanımadığı 8-9 nəfər vardı. Bir qədər sonra Rüfət də həmin çayxanaya gəldi. Hamı yığışdıqdan sonra İqbal mənim barəmdə danışdı. O, polislə əməkdaşlıq etdiyimi, yaxşı iş görmədiyimi çayxanada oturanlara bildirdi. İqbala 1000 manat borclu olduğumu, haqsız olaraq məndən 10000 manat pul tələb etdiyini söylədim. Bu sözlərimi deyəndən sonra Rüfət və tanımadığım iki nəfər İqbalı ayrılıqda söhbət etmək üçün çayxanadan bayıra apardılar. Bu zaman çayxananın içərisində olan soyuducunun üstundə üzü üstə qoyulmuş "Nokia" markalı mobil telefonu gördüm. Telefonu götürdüm. Gördüm ki, telefonda diktofon işlək olub və danışdıqlarımız yazılıb. Dərhal bu barədə Rüfətə bildirərək bunu qiymətləndirməyi tələb etdim. Həmin vaxt çayxanada olan bütün şəxslər İqbala etirazlarını bildirməklə çayxananı tərk etdilər".

"Elçin pula görə məni axtarıb"

Vüsal Mustafayev qeyd edib ki, 2013-cü ilin oktyabr ayında Şəki şəhərində danışılanlardan İqbalın əvvəlcə Şəki şəhərinin "Mustafabəy" adlanan ərazisində, daha sonra isə Bakı şəhərində döyüldüyünü və arxasından bıçaqla vurulduğunu eşidib: "Bunun kimlər tərəfindən edilməsini bilməmişəm. Orucun yeddi mərasimi ərəfəsində Elçinin Rusiyadan qayıtdığını eşitsəm də, onunla görüşməmişəm.  40 mərasimi başa çatdıqdan sonra Elçin pula görə məni axtarıb. Bürhanın ali təhsilini Azərbaycanda davam etdirməsi ilə bağlı Orucun Şəki şəhərində olan 2 evindən birinin satılacağını, Bürhanın işi həll edildikdən sonra qalan puldan ona vəd etdiyim 10000 ABŞ dollarını Sevincdən götürərək verəcəyimi dedim. Elçin də mənimlə razılaşdı".

"Orucu sifarişlə öldürtdüyümü normal qəbul etdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin iyun, yaxud iyul ayında həmin ev 35000 ABŞ dollarına satılıb: "Bundan sonra Sevinclə birlikdə Bürhanın ali təhsili ilə bağlı Moskva şəhərinə getdik. 4-5 gün orada qaldıq. Danışıqlar aparsaq da, Azərbaycanda müvafiq şəxslərlə görüşmək lazım gəldiyini öyrənərək geri qayıtdıq. Evin satışından əldə olunan puldan 7100 dollara Bürhan üçün "Mercedes-Benz" E-240 markalı, 3800 dollara VAZ-2106 markalı avtomaşın aldılar. Həmin pulun 5000 ABŞ dollarını Moskvada olarkən, 500 ABŞ dollarını Sevincin İranda müayinəsinə, qalan pulları isə Sevincin, Bürhanın və onun şəxsi ehtiyacları üçün xərclədik. Evin pulundan artıq qalmadığı üçün Elçinə vəd etdiyim 10000 ABŞ dollarını verə bilmədim. Buna görə Bürhanın adına olan "Mercedes-Benz" E-240 markalı avtomaşını 10000 ABŞ dollarına qiymətləndirməklə Bürhanın adından etibarnamə ilə Elçinə verdik. Bu zaman Orucun öldürülməsini Elçinə sifariş etmiş olduğumu Sevincə bildirdim. Sevinc Orucu sifarişlə öldürtdüyümü normal qəbul etdi".

"Bürhanın erməni qızını zorladığına görə atasının öldürüldüyü xəbərini yaydıq"

Vüsal Mustafayev bildirib ki, Sevinci bu barədə kiməsə məlumat verəcəyi təqdirdə öldürəcəyi ilə hədələyib: "Sonrakı vaxtlarda Bürhanın Nijnıy Novqorod şəhərində hansısa erməni qızını zorladığına görə atasının öldürüldüyü barədə söhbətlər yaydıq. Bürhan buna görə Nijnıy Novqorod şəhərinə gedib və bir müddət orada qalmaqla söz-söhbətlərə son qoymaq istədi. Bu məqsədlə 2013-cü ilin aprel ayının 20 və ya 21-də onunla birlikdə Rusiyaya yola düşdük. Lakin Samur sərhəd keçid məntəqəsində Bürhanı idarə etdiyi avtomaşınla Rusiyaya buraxmadıqlarına görə geri qayıtmalı olduq".

Vüsal Mustafayevin sözlərinə görə, bacısının xərçəng xəstəliyindən müalicə olunmasından ötrü 55000 manata ehtiyacı olub: "Bunun üçün Şəki şəhərində imkanı olan bir şəxsin evindən oğurluq etmək qərarına gəldim. Həmin niyyətimi həyata keçirmək üçün əvvəldən tanıdığım məhəllə uşağı olan Kamran Qafarovla məsləhətləşdim. Kamran təklifim ilə razılaşdı. Şəki şəhərində Xanlar adlı şəxsin imkanlı olması barədə eşitdiyimdən Kamranla birlikdə Xanların evindən oğurluq etmək qərarına gəldik. Oğurluq zamanı tanınmamaq üçün iki ədəd qara rəngli idman papağı və barmaq izlərinin qalmaması üçün əlcəklər əldə etdik. Papaqların göz hissəsini kəsərək maska halına saldıq".

"Əlim ilə onun ağzını tutdum"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ilin noyabr ayının əvvəllərində saat 4-5 radələrində Bürhan idarə etdiyi VAZ-2107 markalı avtomaşınla Kamranla Xanların İpək kombinatı tərəfdə olan evinin yaxınlığına gəliblər: "Xanların evinin yaxınlığına çatanda Kamranla birlikdə maskaları və əlcəkləri geyindik. Hasardan aşmaqla həyətə daxil olduq və təxminən 20 dəqiqə həyətdə dayandıq. Xanların hansı otaqda yatmasını bilmək üçün müşahidə apardıq. Bir qədər keçdikdən sonra Xanlar ayaqyoluna getmək üçün özü həyətə düşdü və bizi gördü. Lakin maskalı olduğumuzdan bizi tanımadı. Kamranla dərhal Xanları həyətdə tutaraq yerə yıxdıq, özüm ilə gətirdiyim xamutla onun əllərini bağladıq. Bu zaman Xanlar qışqırmaq istədi, əlim ilə onun ağzını tutdum. Daha sonra Kamranla birlikdə Xanları sürüyərək evinin zirzəmisinə apardıq".

"Pulların, qızılların yerini deməsini tələb etdik"

Vüsal Mustafayev qeyd edib ki, evin zirzəmisində Xanları stulun üstündə əyləşdirdiblər: "Ondan pulların, qızılların yerini deməsini tələb etdik. Xanlar evində qızıl və pul olmadığını bildirdi. Ona bir-iki sillə vuraraq həqiqəti deməyi tələb etdik və skoçla ağzını bağladıq. Kamran isə evə daxil olaraq 10-15 dəqiqədən sonra əlində çemodan zirzəmiyə qayıtdı və getməli olduğumuzu bildirdi. Xanların ağzını açdım və böyrünə əllərini açması üçün bel və içməsi üçün su qoydum. Kamranla birlikdə Xanların evini tərk etdik. Maskaları və əlcəkləri öz üzərimdə gizlədərək Bürhana zəng etdim və onu olduğumuz yerə çağırdım. Kamran çemodanı açmadığını, içərisində külli miqdarda pul olmasını güman etdiyini dedi. Bürhan bizi Kamranın Şəki şəhərində qeyri-rəsmi yaxınlıq etdiyi Samirənin yaşadığı məhəlləyə apardı. Məhəllədə küçə işığının altında Xanların evindən götürdüyümüz çemodanı açdıq. İçərisindən qəzetə bükülmüş 1400 ABŞ dolları və 2800 manat çıxdı. Pulu Kamranla yarı böldük. Bundan sonra Kamran avtovağzala gedərək Bakı şəhərinə yola düşdü. Mən isə Sevincgilə getdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, səhərə yaxın Bürhana bir litr benzin almağı tapşırıb və daha sonra Bürhanla birlikdə Quruçayın yanında olan zibillikdə maskaları, əlcəkləri, öz ayağında olan ayaqqabını və çemodanı benzin tökməklə yandırıb: "Bu zaman Bürhan Xanların evindən oğurluq etdiyimizi anladı. Səhər bunu Sevinc də bildi. Xanların evindən oğurluqla əldə etdiyim pulun 700 ABŞ dollarını Sevincdən gizlətdim, 1400 manatı isə saxlamaq üçün Sevincə verdim".

"Bürhana evdən çıxmağı tapşırdım"

Vüsal Mustafayev qeyd edib ki, Şəki şəhərində eşitdiklərindən və Kamranın dediklərindən sonuncunun xalasının əri, topdansatış mağazaları olan Rəsulun yaxşı imkanı olduğunu, evində 500 min manata yaxın pul saxladığını düşünüb: "Onun evindən külli miqdarda pul oğurlamağı, bu işi Sevincin oğlu Bürhanla birlikdə görməyi planlaşdırdım. Baş Zəyzid kəndindəki bankomatın seyfini kəsməyə getdiyimiz vaxtdan təxminən 10 gün sonra Rəsulun qardaşı oğlunun nişan mərasimi olmasını öyrəndim və axşam saatlarında onun evinin ətrafında mövqe seçərək müşahidə apardıq. Rəsulgilin evdən xonçalarla çıxdıqlarına və nişan mərasiminə getmələrinə tam əmin olduqdan sonra Rüfətə zəng edərək onunla görüşdüm. Daha sonra Bürhana zəng edərək evdən çıxmağı tapşırdım. Rüfətin idarə etdiyi avtomaşında Sevincin evinin qarşısına getdim. Bürhanı götürdüm və  niyyətim barədə Rüfətə heç nə demədim. Rəsulun evinə çatmağa 300-400 metr qalmış Rüfətə zəng edəndə gəlməyi tapşırdım. Bürhanla birlikdə saat 19.30 radələrində Rəsulun evinin qarşısına gəldim. Bürhan hasardan aşaraq həyətə düşdü, qapını içəridən açdı və mən də həyətə girərək evin plastik materialdan olan giriş qapısını əllə geri itələməklə açdım və Bürhanla birlikdə evə daxil olduq. Zalla birlikdə 6 otaqdan ibarət olan həmin evin hər yerini 15-20 dəqiqə ərzində axtarsaq da, pul tapa bilmədik. Evdən pul oğurlamaq üçün getdiyimizə görə məişət əşyalarını götürmədik və oranı tərk etdik".

"Küçədən narkotik tapdım"

Vüsal Mustafayevin sözlərinə görə, 22 fevral 2014-cü ildə, saat 22 radələrində Şəki şəhəri, M.Rəsulzadə prospekti ilə piyada evə gedərkən küçədə elektrik lampalarının işığında yerdə kiçik bir selofan bükümü olmasını görüb: "Həmin bükümü götürdüm və bükümdə kəskin iy verən maddəni gördüm. Bunun heroin olmasını başa düşdüm. 2013-cü ilin yay aylarında Rusiya Federasiyasının Moskva şəhərində olarkən orada həmin narkotik vasitəni görərək tanımışam. Heroindən istifadə etdikdə insanın kefləndiyini eşitdim. Buna görə tapdığım heroini götürərək gələcəkdə istifadə etmək üçün cibimə qoydum".

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 23-də, saat 12.00 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində polis əməkdaşlarının tələbi ilə cibində saxladığı tapdığı bükümü çıxarıb və onlara təqdim edib: "Polis əməkdaşları iki nəfər tanımadığım vətəndaşın iştirakı ilə baxış keçirdilər. Hal şahidləri imza etdikdən sonra birlikdə Bakı şəhərinə gəldik və Baş Narkotiklərlə Mübarizə İdarəsində bu barədə tərtib olunan protokolu imzaladım".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00