Hazırda Azərbaycanda internet provayderlər istifadəçiləri "çəki"də aldadır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kabel kanal sistemindən istifadə ilə bağlı tətbiq etdiyi tariflərin isə heç birinin hüquqi əsası yoxdur, qanunsuzdur.
Milli.Az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Bir müddət əvvəl ekspert provayderlərin internet istifadəçiləri "çəki"də aldatmalarından şikayət etmiş və onların bu məqsədlə yeni metod tapdıqlarını açıqlamışdı: ""Delta Telecom" MMC hər bir provayderin trafikinə onlayn nəzarət imkanı yaradandan sonra məlum oldu ki, əksər provayderlərin bu qurumdan aldığı tarfik müştərilərinin tələbatına uyğun deyilmiş. Belə olan halda provayderlər ya "Delta"dan aldığı internet trafiki artırmalı, ya da müştəriləri çəkidə aldatmaq üçün nəsə yeni bir variant tapmalıyıdlar. Artıq bu variant tapılıb... Provayderlər elə birbaşa öz sistemlərində hər bir müştərinin müqaviləsində nəzərdə tutulan sürətin məqsədyönlü formada azaldılması variantına üstünlük veriblər.
Belə olan halda isə "Delta"nın sistemində, provayderin trafikində heç bir yüklənmənin olmadığı görünür və beləliklə də "Delta"nın yaratdığı imkanla provayderlərə ictimai nəzarət mümkün olmur. Ümid qalır İqtsadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə monitorinq aparıb bu faktları aşkarlamağına".

Onun fikrincə, məhz bu cür nəzarətin yetərli olmamağının, fiberoptik internetin zəif inkişafının və yüksək sürətlər üzrə qiymətlərin baha olmasının nəticəsidir ki, ölkəmiz hər bir istiafdəçiyə düşən internetin orta sürəti üzrə nəinki MDB məkanında, elə qonşu ölkələr arasında önəmli yer tuta bilmir.
İnternet Forumun prezidenti qeyd edib ki, indinin özündə də bu məslədə dəyişən heç nə yoxdur: "Müştərilərin aldadılması aradan qaldırılmayıb. İstifadəçilərin internet xidmətlərdən yararlanarkən "çəki"də aldadılması ilə bağlı faktlar hələ də var. İstifadəçilərin böyük əksəriyyəti müqavilədə nəzərdə tutulan sürəti almaqda çətinlik çəkirlər. Bunun da, əsasən, 2 səbəbi var - ya provayder özü məqsədyönlü şəkildə bunu edir, ya da problem xətlərdən doğur. İstənilən halda istehlakçının keyfiyyətli xidmət əldə etmək hüququ pozulur. İstifadəçi ödədiyi pulun müqabilində bu xidməti almalıdır. Əgər problem xətlərdədirsə, lazımi sürət istifadəçiyə çatmayacaqsa, bunda yenə də provayder günahkardır. Gərək provayder istifadəçi ilə test şəkildə müqavilə bağlaya ki, istifadəçi xidmətdən bir ay istifadə edib lazımi sürəti ala biləcəyini yoxlasın. Əgər lazımi sürət ala biləcəksə, o zaman müqavilə uzadıla bilər. Əslində, belə olmalıdır. Amma provayder deyirsə ki, mən lazımi sürəti göndərirəm, amma xətlər pisdir deyə istifadəçiyə çatmır, o zaman sual olunur - əgər xətlər pisdirsə, niyə müqavilə bağlayırsan? Ona görə də bu problem hələ də qalır".

Ekspert bildirib ki, provayderlərin yaxşı-pisini araşdırmaq, onlara ictimai nəzarət etmək üçün "Delta Telekom" öz saytında bir xidmət yaradıb. Amma buna baxmayaraq, provayderlər yenə də istifadəçiləri "çəki"də aldadırlar: "Bizə daxil olan məlumatlara görə, provayderlər yenə də "Delta Telekom" və "AzərTelekom" MMC-dən trafik alıb çoxsaylı müştərilər arasında bölürlər. Bölgünü də öz ofislərində birbaşa müqavilə şərtlərini pozmaqla, yenə aşağı sürətli internet verərək "çəki"də aldatmanı həyata keçirirlər".

Mərkəzin rəhbərinin fikrincə, əslində, özəl provayderlərin özlərinin də vəziyyəti o qədər də yaxşı deyil: "Monitorinqlər göstərir ki, provayderlərin özlərinin də hüquqları telekommunikasiya qovşaqları tərəfindən pozulur. Yəni onları qanunvericilikdə nəzərdə tutulmayan tarifləri ödəməyə məcbur edirlər. Dövlət provayderləri, konkret "Bakinternet" və "Aztelekom" onların müştərilərini ələ keçirir. Provayderlərin telekommunikasiya qovşaqlarında quraşdırılmış cihazlarına görə yüksək tariflər müəyyən edirlər".

O.Güdüz hesab edir ki, ümumiyyətlə, qovşaqlar tərəfindən provayderlərə qarşı tətbiq olunan tariflər məsələsinin ciddi araşdırılmasına ehtiyac var: "Bizim nazirliyə təklifimiz olmuşdu ki, Azərbaycanda kabel kanal sistemindən istifadə qaydaları yenidən işlənməlidir, istifadə tarifləri də yenidən hazırlanmalıdır. Birmənalı olaraq deyirəm ki, hazırda kabel kanal sistemindən istifadə ilə bağlı tariflərin heç bir hüquqi əsası yoxdur. Bu tariflər, sadəcə, nazirlikdə hansısa bir şöbə müdirinin imzası ilə qüvvəyə minir. Yəni bunlar qanunsuzdur.

Onun sözlərinə görə, çəkidə aldatmanın qarşısını almaq üçün isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarəti gücləndirməlidir. Bundan əlavə, ictimaiyyət, istifadəçilərin özü bununla bağlı müəyyən tədbirlər həyata keçirə, dövlət qurumlarına və məhkəmələrə müraciət edə bilər. Bunda əlavə, istehlakçıların hüquqlarının pozulmasına görə, artıq dövlət qurumlarının özləri də həmin şirkətlərlə bağlı məhkəmələrə müraciət edə bilər.