Psixoloq: “Şagirdin müəlliməsi ilə evlənməsi qəbahət deyil”

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin ingilis dili müəlliməsi, 32 yaşlı Əminə müəllimənin həmin məktəbin şagirdi olmuş 18 yaşlı Cəlil bəyə qoşulub qaçması və ötən gün özlərinə toy çaldırmaları gündəmdədir. Məlumat üçün qeyd edək ki, məsələyə münasibət birmənalı deyil. Psixoloq Elnur Rüstəmov Biləcəri qəsəbəsində baş verən olay - 32 yaşlı müəllimənin 18 yaşlı şagirdi ilə ailə qurması və bunun ictimaiyyətdə doğurduğu reaksiya barədə danışarkən deyib ki, bu, hadisə insanların öyrəşmiş olduğu düşüncə tərzinə yad olduğu üçün qıcıq yaratdı. Onun sözlərinə görə, olaya normal yanaşanlar da az deyil: "İnsanların bir qisminin mənfi reaksiyasının səbəbi sözügedən hadisənin müəllimin reputasiyasına vurulan zərbə kimi qiymətləndirilməsidir. Digər bir tərəfdən bizim adət-ənənə sistemimiz mövcuddur ki, insanların öyrəşmiş olduğu bu düşüncə tərzinə yad bir addım atılanda qıcıq yaradır. Bu, öyrəşilən düşüncə tərzinə müdaxilə kimi qiymətləndirilir. Tərəflər bir-birinə aşiq olub evlənibsə, bunun başqalarına heç bir aidiyyəti yoxdur. Hətta dinimiz də bunu normal qarşılayır. Məhəmməd peyğəmbərin özünün evləndiyi ilk qadın ondan yaşca xeyli böyük idi. Burda qəbahət bir şey yoxdur. Sadəcə olaraq, bizim cəmiyyət ailə quran tərəflərdən oğlanın yaşca daha böyük olması faktına öyrəşib. Bu, zaman keçdikcə onlar arasında balansın yaranması ilə bağlıdır". Psixoloq yeni ailə quran gənclərə xoşbəxtlik arzulayıb və bunun əxlaqa zidd olmadığını, tam yetkinlik yaşına çatmış gənclər arasında qanunvericiliyə uyğun nikah bağlandığını bildirib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı hesab edir ki, bu cür evliliklər - istər qızın özündən çox böyük kişi və ya oğlanın özündən çox böyük qadınla evlənməsi halları milli-mənəvi dəyərlərə ziddir: "Onu başa salan olmayıb ki, özündən yaşda xeyli böyük qızla evlənirsən, sənin ailən necə olacaq, uşağı necə tərbiyə edəcəksiniz, uşaq necə dünyaya gələcək. Belə ailələr qurulanda onun sonuna baxmaq lazımdır. Hissləri ağıldan üstün tutaraq evlənirlər, baxmaq lazımdır ki, bir neçə ildən sonra bu ailə qalır, yoxsa davam edir? Elə bir statistika hələ ki yoxdur. Amma eşitdiklərimə görə, elə ailələr çox tez dağılır. Bu gün yayılan məlumatda deyilir ki, ingilis dili müəllimi oğlan onun şagirdi olanda bir-birlərini seviblər və iki ildən sonra evləniblər. Yəqin, onlar dünya praktikasından nəsə öyrənib, oxuyublar və ya doğrudan da belə hisslər olub. Bu ailə görək necə olacaq. İnanmıram ki, möhkəm ailə olsun, fikirlər üstü-üstə düşsün və problemlər olmasın. Qadının gənc əri varsa, orada qısqanclıq məsələsi də olacaq. Təki xoşbəxt olsunlar. Lakin bu məsələləri qeyri-normal hesab edirəm". Komitə sədri məktəblərdə bu cür anormal hadisələrin baş verməsini müəllim-şagird münasibətlərindəki boşluqlarla əlaqələndirib: "Açıqlamada deyilir ki, müəllim ilə keçmiş şagirdinin münasibəti məktəbdən başlayıb. Deməli, müəllim-şagird münasibətlərində boşluqlar var. Şagird müəllimə müəllim gözü ilə baxmalıdır. Bizim ideal müəllimiz var, lakin bu o demək deyil ki, onunla evlənməliyik. Görünür, bu məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədə deyil. Çünki artıq neçənci məktəbdir belə hallar baş verir, Şamaxıda baş verən hadisənin ardınca bu olay. Məktəblərdə bu cür hadisələrin olması yaxşı hal deyil. Tərbiyə birinci yerində olmalıdır. İnsanların birinci tərbiyəsi, sonra savadları olmalıdır. Görünür, bu məktəblərin bəzilərində müəllim-şagird məsələləri, tərbiyə məsələlərində boşluqlar var".

Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00