Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib
25 May 2016 12:02 SosialAzərbaycan Texniki Universitetində Əməkdar İncəsənət xadimi, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib. Yubileydə şairin ailə üzvləri, tanınmış ictimai şəxslər, elm adamları və incəsənət nümayəndələri iştirak ediblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə Süleyman Rüstəm yaradıcılığının ədəbiyatımıza, poeziyamıza verdiyi töhfələrdən danışılıb. Çıxış edənlər şairin sovet dövründə ədəbi mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz açıblar. Bildirilib ki, şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları, qəzəlləri ədəbiyyatımızda xüsusi rol oynayır. AzTU-nun rektoru, professor Havar Məmmədov çıxışında müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman Rüstəmin Vətənə, xalqa olan məhəbbətindən danışıb və qeyd edib ki, şairin yaradıcılığına bugünkü gənclər də xüsusi həssaslıqla yanaşır. Sonra Azərbaycan Könüllü Kitabxana Birliyi tərəfindən AzTU-nun rektoru, professor Havar Məmmədova fəxri fərman təqdim olunub. Yubiley tədbiri Süleyman Rüstəmin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.