İctimai nəqliyyatda təhlükə yaradan bütün tərəflər məsuliyyətə cəlb olunacaqlar
25 May 2016 11:58 Sosial"Bakı Nəqliyyat Agentliyi (BNA) yarandığı gündən bütün daşıyıcılar üzərinə müvafiq sərt tələblər qoyub. Təhlillər aparılır, monitorinqlər keçirilir. Ən təhlükəli idarəetmə nümayiş elətdirən sürücülərlə bağlı müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verilir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova səsləndirib. O, bildirib ki, son zamanlar mətbuatda qapısı açıq şəkildə avtobusların hərəkət edərək sərnişinlərin həyatı üçün təhlükə yaratdığına dair görüntülər təqim olunur: "Əlbəttə ki, bu yolverilməzdir. Ancaq heç kəs vacib olan digər məqamı nəzərə almır. Sərnişin məsuliyyətsizliyi. Qapısı açıq hərəkət edən avtobusun sərnişinləri sürcüyə kütləvi etiraz edərlərsə, qapıdan sallanaraq hərəkət edən avtobusda kəndirbazlıq nümayiş elətdirən sərnişin öz həyatı ilə bağlı məsuliyyəti dərk edərsə bu problemin həllinə öz müsbət təsirini göstərmiş olacaq. Gəlin etiraf edək ki, qurumdan gözləntilər ictimai iştirakçılıqla daha da effektiv ola bilər. İctimai qınaq təəssüf ki, bizim cəmiyyət üçün hələ də sndırılması mümkünsüz stereotip olaraq qalır. BNA-nın baş direktoru Vüsal Kərimlinin də səsləndirdiyi kimi "Sərnişin yüksək səviyyəli xidmət istəyirsə analoji davranış sərgiləməlidir!" fikri heç də elə belə deyilməyib". Nuridə Allahyarova qeyd edib ki, hazırlanan yeni Nəqliyyat konsepsiyasında bütün bu məqamlar nəzərə alınıb və ictimai nəqliyyatda təhlükə meyarları qiymətləndirilərək təhlükəni yaradan bütün tərəflər məsuliyyətə cəlb olunacaqlar.