Ağdam rayonuna həsr edilən təqdimat keçirilib
25 May 2016 11:57 SosialBinəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 284, 298, 299 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə "Qarabağ həftəsi" layihəsi çərçivəsində Ağdam rayonu haqqında "Ağdamı heç vaxt unutmarıq" adlı təqdimat keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə münsiflər heyətinin üzvləri - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və s. iştirak edib. Təqdimatda "Heyratı", "Qarabağ şikəstəsi" muğamları, "Sona bülbüllər", "Kəndimiz" (xorda), "Qarabağ" mahnıları, müxtəlif rəqslər ifa edilib. Təqdimatda həmçinin nasir, dramaturq İlyas Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında tamaşa nümayiş etdirilib. Təqdimata "Azərbaycan əsgəri" şeiri və "Azərbaycan marşı" ilə yekun vurulub.