Dövlət qulluqçuları üçün təlimlər keçirilir

Mingəçevir şəhərində "Liderlik bacarıqları" mövzusunda təlim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan "OLAYLAR"-a bildirilib ki, təlimin keçirilməsində məqsəd dövlət qulluqçularının liderlik bacarıqlarının inkişaf edilməsi, komandanın fəaliyyətinin idarə edilməsi üçün şəxsi texnika və bacarıqların gücləndirilməsi, əsas liderlik keyfiyyətləri, bacarıqları və üslublarının müzakirə edilməsi olub. Təlimə Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Mingəçevirdə yerləşən bölmələrinin əməkdaşları cəlb ediliblər. Mingəçevir şəhərində növbəti təlim isə dekabrın 18-də "Münaqişələrin idarə edilməsi və danışıqların aparılması bacarıqları" mövzusunda keçiriləcək.

Təlimlərin digər rayon və şəhərlərdə də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi" çərçivəsində keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31