“Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihə həyata keçirilir
9 Dekabr 2015 11:45 Sosial7 -12 dekabr tarixlərində Binəqədi rayon ərazisində yerləşən təhsil müəssisələrində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti və Binəqədi rayonu İcra hakimiyyəti ilə birgə "Tolerantlıq nümunəsi Azərbaycan" adlı layihəyə başlanılıb. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin keçirilməsində əsas məqsəd yerlərdə Azərbaycanın dövlət siyasətinin, milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsinin, tolerantlıq nümunələrinin düzgün şəkildə təbliğ edilməsidir. Layihə çərçivəsində 7-8 dekabr tarixlərində Binəqədi rayonu 115 saylı tam orta məktəbdə layihənin 2 mühazirə dərsləri keçirilib. Keçirilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin baş məsləhətçisi, prof. Etibar Nəcəfov, Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət komitəsinin sədrinin müavini Gündüz İsmayılov və Binəqədi rayon ərazisində yerləşən 32 ümumtəhsil müəssisələrindən 200-ə yaxın tarix müəllimi iştirak ediblər. 1-ci mühazirə dərsini "Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi" mövzusu əsasında Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyii Xidmətinin baş məsləhətçisi, prof. Etibar Nəcəfov, 2-ci mühazirə dərsini "Müasir dövrdə Azərbaycan Respublikasında dövlət -din münasibətləri" mövzusu əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədrinin müavini Gündüz İsmayılov aparıb. Layihənin bağlanış mərasimi 12 dekabr tarixində yekunlaşacaq.