Naxçıvanda güləşçilər üçün ustad dərsləri keçirilib
17 Noyabr 2015 12:03 SosialNoyabrın 10-dan 15-dək Naxçıvan Muxtar Respublikasında Azərbaycan Güləş Federasiyasının dəstəyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi-müəllimlər və güləşçilər üçün ustad dərsləri (master klass) keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, həm Naxçıvan şəhərində, həm də Şərur rayonunda təşkil edilən seminarlarda ümumilikdə 150-dən artıq gənc və yeniyetmə güləşçi iştirak edib. İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən ilk seminarda beynəlxalq dərəcəli idman ustası, gənclərdən ibarət ölkə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Elşad Allahverdiyev və Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər. Seminarların son günündə isə Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edib və yeni qaydalar barədə məşqçiləri məlumatlandırıb.