“Mənim başımı niyə qaytarmırlar, anacan?” - TƏDBİR
Ələkbər Məmmədov: “Əsgər İbayevin guya ki, tibbi ekspertiza üçün kəsilmiş başını hələ də qaytarmırlar!”
9 Oktyabr 2012 18:21 SosialOktyabrın 9-da Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədovun təşkilatçılığı ilə əsgər İbayevin naməlum ölümündən sonra onun daxili orqanlarının çıxarılması ilə əlaqədar növbəti mətbuat konfransı keçirilib. Tədbirdə əsgər İbayevin anası və əsgərin ölümü ilə bağlı araşdırma aparan jurnalist Zümrüd Məmmədova iştirak edib. Naxçıvanda N saylı hərbi hissədə dünyasını dəyişən əsgər İ.İbayev ailəsinə təhvil verilərkən ailəsi övladlarının dəqiq ölüm səbəbinin onlardan gizlədildiyindən şübhələniblər. Əsgərin cəsədinin açılmasından sonra İbayevin bədənində işgəncə izlərinin olduğunu bildirən Ələkbər Məmmədov: "Cəsədi Naxçıvandan gətirənlər istəyirdilər ki, onu eləcə basdırsınlar. Lakin, valideynlərinin təkidi ilə meyidin üstü açılıb. Hər şey bundan sonra aydın olub. Bunların hamısını Zümrüd Məmmədova şəxsən araşdırıb. İbayev öldükdən 39 gün sonra ekskumasiya olunub. Bundan sonra sübut olundu ki, əsgərin daxili orqanları kəsilib götürülüb. Boş qalmış yerlərə isə pambıq doldurulub. Naxçıvandan gələn yalançı ekspertlər iddia etdilər ki, cəsədin daxili orqanları 39 günə çürüyüb!". Məmmədovun sözlərinə görə əsgərin müəmmalı ölüm faktlarının gizlədilməsi və daxili orqanlarının qanunsuz olaraq çıxarılmasında 3 orqan - Hərbi Hissə komandanlığı, Patoloji Tibbi Ekspertiza və Respublika Hərbi Prokurorluğun maraqları var. Ekspertizadan sonra əsgər İbayevin başının kəsilib götürüldüyünü deyən Ələkbər Məmmədov: "Nəyə görə bilmirik, amma əsgərin tibbi araşdırma üçün kəsilən başı hələ də qaytarılmır. Bir də ki, əsgər öldükdən sonra baş nahiyyəsindən avtomatla vurublar ki, guya o, intihar edib!". Məsələyə münasibət bildirən Zümrüd Məmmədova: "Başa düçülən deyil necə ola bilər ki, bir insan düz alnının ortasından özünü vursun? Demək ki, burada kiminsə əli var. Atəş açılandan sonra kəllədə yanıq izləri əmələ gəlməyib. Amma, olmalı idi. Demək ki, əsgər İbayev öldükdən sonra baş nahiyyəsindən avtomatla vurulub. Ən pisi də odur ki, əsgərin kəsilmiş başını qaytarmaq istəmirlər. Əsgər hər gecə anasının yuxusuna girib deyir: "Mənim başımı nə vaxt qaytaracaqlar, anacan!" Burada maraqlı məqam ondan ibarətdir ki, Naxçıvan hərbi prokurorluğundan verilən məlumata görə əsgər baş nahiyyəsindən vurulduqdan sonra saat yarım yaşayıb. Bu da müəmmalı məqamdır, necə ola bilər ki, düz alnının ortasında vurulasan və saat yarım yaşayasan!". Zümrüd Məmmədovanın iddialarına görə əsgər İ.İbayevin daxili orqanları çıxarıldıqdan sonra İran Culfasındakı xəstəxanalardan birinə satılıb. (OLAYLAR İA)