Ölən əsgərin orqanları çıxarılıb?

Vəkil işin düzgün araşdırılmadığını deyir

Sentyabrın 11-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Bərdədəki "N" saylı hərbi hissədə intihar etdiyi deyilən əsgər Pərviz İsgəndərlinin valideynləri ilə yanaşı Pərvizin ölümündə təqsirləndirilən əsgərlər-Şahin Xudiyev və Vüsal İsgəndərlinin valideynləri mətbuat konfransı keçirdilər. Tədbirdə çıxış edən "Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi"-nin direktoru Ələkbər Məmmədov dedi ki, orduda ölüm hallarının çoxalması təəssüf doğurur. Onun sözlərinə görə, bu kimi halların qarşısının alınmaması vətəndaşların orduya olan inamını azaldıb. Ə.Məmmədov onu da bildirdi ki, əsgər P.İsgəndərovun ölümündən sonra bu yöndə aidiyyatı qurumların heç bir addım atmaması bir sıra problemlərə yol açıb. Tədbirdə çıxış edən P.İsgəndərovun anası Kifayət İsgəndərova qeyd edib ki, proseslə bağlı heç bir iş aparılmadığından dövlət başçısına müraciət olunub: "Biz özümüz Prezident Administrasiyasının qarşısında olduq. Sonra Müdafiə Nazirliyində olduq. Ordan bizə bildirdilər ki, bu işlə Hərbi Prokurorluq məşğul olur. Hərbi Prokurorluqda ilk öncə bizi qəbul etmək istəmədilər. Müəyyən təkidlərdən sonra Hərbi Prokuror Xanlar Vəliyev özü bizi qəbul etdi. Bizə bildirdi ki, işin araşdırılması ilə bağlı göstəriş verib". K.İsgəndərova onu da qeyd edib ki, oğlunun öldürülməsində günahkarlar sırasında hərbi hissənin zabitləri də var. Belə ki, zabitlərin məsələyə biganə münasibət bəsləməsi problemin daha da dərinləşməsinə gətirib çıxarıb. K.İsgəndərova onu da bildirib ki, P.İsgəndərovun işi üzrə aparılan prosesdə zabitlərin də prosesə cəlb olunmasının tərəfdarıdır. Tədbirdə çıxış edən təqsirləndirilən əsgərlərin valideynləri də bildirib ki,  P.İsgəndərlinin işində həbs olunan əsgərlər sifariş əsasında həbs edilib. Tədbirdə çıxış edən vəkil Pirməmməd Qəhrəmanov P.İsgəndərovla bağlı açılan cinayət işinin düzgün araşdırılmadığını dedi. Bildirdi ki, P.İsgəndərov öləndən sonra onun orqanları çıxarılıb: "Biz bununla bağlı aidiyyatı qurumlara müraciət etmişik".

Ədil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31