Ölkədə müxtəlif etnik və dini qruplar vahid dövlətçilik ideyası ətrafında birləşib-Özəl

"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın siyasi, iqtisadi və diplomatik inkişaf strategiyasını, beynəlxalq münasibətlər sistemində artan rolunu və yeni geosiyasi reallıqlara yanaşmasını əks etdirən mühüm mesajlarla zəngindir. Çıxışın əsas xəttini milli birlik, dövlət suverenliyi, beynəlxalq hüquq, iqtisadi dayanıqlılıq və mədəniyyətlərarası əməkdaşlıq prinsipləri təşkil edir. 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nüfuzlu beynəlxalq platformaya çevrilməsi Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Müxtəlif ölkələri təmsil edən minlərlə iştirakçının Bakıda bir araya gəlməsi ölkəmizin qlobal dialoq və əməkdaşlıq məkanındakı mövqeyini gücləndirir. Müasir dünyada müharibələrin, siyasi qarşıdurmaların və dini-etnik ziddiyyətlərin artdığı şəraitdə mədəniyyətlərarası dialoq yalnız humanitar təşəbbüs deyil, həm də sabitlik və qarşılıqlı etimad üçün strateji vasitədir. Azərbaycan tarixən Avropa ilə Asiyanın qovuşuğunda yerləşərək müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayıb. Multikulturalizm, dini və etnik dözümlülük ənənələri bu gün də cəmiyyətimizin mühüm xüsusiyyətlərindəndir. Ölkədə müxtəlif etnik və dini qrupların vahid dövlətçilik ideyası ətrafında birləşməsi milli sabitliyin əsas dayaqlarından biridir. Bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi əhəmiyyət daşıyır. O, vətəndaşları ortaq vətən, milli maraqlar və dövlət müstəqilliyinin qorunması ətrafında birləşdirir. 44 günlük Vətən müharibəsində nümayiş etdirilən həmrəylik milli birliyin real gücünü təsdiqlədi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin müasir tarixində yeni mərhələ açdı. Bununla yanaşı, hərbi qələbədən sonra sülh təşəbbüsünün irəli sürülməsi Azərbaycanın regional siyasətində mühüm istiqamətə çevrildi. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətli addım oldu. Lakin davamlı sülhün təmin edilməsi üçün siyasi razılaşmaların konkret öhdəliklərə və qarşılıqlı etimada çevrilməsi vacibdir. Cənab Prezidentin çıxışında beynəlxalq hüququn icra mexanizmləri məsələsi də xüsusi yer tutur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələrin uzun illər icra edilməməsi beynəlxalq sistemin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Bu təcrübə göstərir ki, beynəlxalq hüququn aliliyi yalnız prinsiplərin bəyan olunması ilə deyil, onların bütün dövlətlərə bərabər tətbiqi və icrasının təmin edilməsi ilə mümkündür. İkili standartlar problemi beynəlxalq münasibətlərdə etimadı zəiflədən əsas amillərdəndir. Eyni hadisələrə fərqli siyasi yanaşmalar, dövlətlərin suveren hüquqlarına müdaxilə cəhdləri və beynəlxalq qərarların seçici şəkildə tətbiqi qlobal sabitliyə mənfi təsir göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31