Azərbaycan sülh təşəbbüsünün müəllifidir-Özəl
10:10 Siyasət"Prezident İlham Əliyev "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm modelinin təkcə daxili siyasət elementi deyil, həm də beynəlxalq dialoq platforması kimi təqdim olunduğunu göstərdi. Dövlət başçısının çıxışında səsləndirilən rəqəmlər və faktlar bu modelin artıq regional deyil, qlobal miqyasda institusional xarakter aldığını nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib: "Prezident İlham Əliyevin Forumdakı çıxışında əsas nəticə ondan ibarətdir ki, Azərbaycan multikulturalizmi tarixi tolerantlıq, konstitusion təminatlar, ümumi vətəndaş kimliyi və beynəlxalq dialoq təşəbbüslərinin sintezi kimi təqdim edir. Bu modelin beynəlxalq əhəmiyyəti onun bütün ölkələr üçün vahid resept olmasında deyil, dialoq, qarşılıqlı hörmət və institusional əməkdaşlığın münaqişələrin qarşısının alınmasında oynaya biləcəyi rolu praktik platformalar vasitəsilə nümayiş etdirməsindədir.
Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı işğala son qoyduqdan sonra Azərbaycan Ermənistana sülh təklif edib. O, Azərbaycanın qisas niyyəti güdmədiyini və sonsuz müharibələr istəmədiyini vurğuladı. Prezidentin mesajı ondan ibarətdir ki, qazanılmış hərbi üstünlük yeni qarşıdurma üçün deyil, müharibənin dayandırılması üçün istifadə edilməlidir. Dövlətimizin başçısı 2024-cü il Forumundan sonrakı iki ildə Cənubi Qafqazda ciddi dəyişikliklərin baş verdiyini, Ermənistanla sülh sazişinin 2025-ci ilin 8 avqustunda Vaşinqtonda paraflanmasını mühüm hadisə kimi qiymətləndirdi. O, Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamənin də əhəmiyyətini vurğuladı. Sülh prosesinin beynəlxalq siyasi səviyyədə təsdiqlənməsi və Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması kimi dəyərləndirdi".