Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur-Özəl

"Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəal siyasət mühüm yer tutur. Bu baxımdan, ölkəmiz  Müstəqil Dövlətlər Birliyi müstəvisində də qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quraraq uğurlu nəticələr əldə edib. Oktyabrın 9-da Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı son illər ərzində MDB-nin siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyini bəyan edib". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, MDB iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır: "Bu il təşkilat yaradılmasının 35-ci ildönümünü qeyd edir.  MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş" əsasında təsis edilib. Azərbaycan isə 1993-cü ilin sentyabrında bu təşkilata qoşulub. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur".

Millət vəkilinin sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin "Sosial inkişaf və həyat keyfiyyəti ili", 2029-cu ilin isə "Nəqliyyat bağlılığı ili" elan edilməsi kimi məsələlər müzakirə olunub. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. "Sosial inkişaf və həyat keyfiyyəti ili" təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. "Nəqliyyat bağlılığı ili" təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31