Azərbaycan və Özbəkistan arasında imzalanan “Əbədi dostluq müqaviləsi” münasibətlərinin hüquqi-siyasi çərçivəsini yeni səviyyəyə qaldırıb-Özəl
16:15 Siyasət"Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası ilə diqqəti cəlb edən, tarixi və mənəvi yaxınlığın müasir dövlətlərarası əməkdaşlıq mexanizmləri ilə tamamlandığı nümunəvi əməkdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasındakı əlaqələrin mahiyyətini, əldə olunan nəticələri və qarşıdakı dövr üçün əsas prioritetləri geniş şəkildə ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib:
İki ölkə arasında strateji tərəfdaşlıq daha yüksək səviyyəyə - müttəfiqlik münasibətlərinə yüksəlib. Bu proses Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə bir-birinə verdiyi qarşılıqlı dəstəklə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə həyata keçirilən çoxsaylı layihələrdə də öz əksini tapır. Dövlətlərarası münasibətlərin inkişafında iki ölkə liderləri arasında formalaşmış səmimi münasibətlər xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi xarakterizə edir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və dövlətlərarası münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Həmin səfərlər çərçivəsində imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi-siyasi çərçivəsini yeni səviyyəyə qaldırıb".
Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji dialoqun mühüm mexanizminə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilmiş iclasları münasibətlərin uzunmüddətli perspektivlərini müəyyənləşdirmək, yeni təşəbbüsləri müzakirə etmək və əməkdaşlığın müxtəlif istiqamətlərini əlaqələndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər konkret mexanizmlərə, qarşılıqlı öhdəliklərə və uzunmüddətli strateji baxışa söykənən müttəfiqlik modelinə çevrilib. Dövlətimizin başçısı müsahibədə qeyd edib: "Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir".