Azərbaycan və Özbəkistanın müttəfiqliyi Türk dünyasının regional təsirini gücləndirir-ÖZƏL

"Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin güclənməsi Mərkəzi Asiya və Qafqazlarda yeni geosiyasi mühitin formalaşmasına səbəb olmaqla, logistik marşrutların Orta Dəhliz üzərindən keçirilməsinə əlverişli şərait yaradır. Rəsmi Bakı və Daşkənd Qafqazlardan Mərkəzi Asiyaya çıxan logistik marşrutların rentabelli olması üçün birgə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində əməkdaşlıq edirlər və bu zaman Xəzər üzərindən Mərkəzi Asiyaya çıxan marşrutun təhlükəsizliyi tərəflər üçün prioritet əhəmiyyət kəsb edir".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:

"Tərəflər arasında qarşılıqlı siyasi etimad regionda Türk Dövlətləri Təşkilatının da nüfuzunun yüksəlməsinə, regional proseslərə təsir imkanlarının artmasına şərait yaradır.
Strateji müttəfiqlik münasibətləri regionun enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində ciddi əhəmiyyət kəsb edir, xüsusilə bölgənin yaşıl enerjiyə olan ehtiyacı bu münasibətlərin durumundan yararlanır.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin müasir durumu onların Avrasiya məkanındakı geosiyasi proseslərə təsir imkanlarını yüksəldir, fərqli geosiyasi güc mərkəzləri arasında onların manevr etmək şanslarını artırmaqla məlum geosiyasi güc mərkəzlərinin hər iki dövlətlə münasibətləri qarşılıqlı anlaşma və əməkdaşlıq müstəvisi üzərində qurmağa sövq edir.
Bəlli dövlətlər arasında müttəfiqlik münasibətləri onların öz aralarında ticarət-iqtisadi münasibətlərin dövriyyə həcminin artmasına, müttəfiq dövlətlərin əhalisinin sosial rifah həyatının yüksəlməsinə müsbət təsir göstərir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31