Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərir-Özəl

Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Orta Dəhlizin inkişafında təbii tərəfdaşlara çevirir. Azərbaycan Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas bağlantılardan birinə malikdir. Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən biridir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası gələcəkdə yeni logistika imkanları yarada bilər. Beləliklə, Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığı iki ölkənin iqtisadi maraqlarını birləşdirməklə yanaşı, Avrasiyanın tranzit xəritəsində yeni imkanların yaranmasına xidmət edir.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın göstərdiyi dəstək iki ölkə arasındakı qardaşlığın real ifadələrindən biridir. Prezident İlham Əliyevin qeyd etidiyi kimi, Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Təhsil ocağının yaradılması həm də gələcəyə hesablanmış layihədir. Çünki burada yetişəcək yeni nəsil Azərbaycan-Özbəkistan dostluğunun canlı daşıyıcılarına çevriləcək. Füzulidə salınan "Dostluq bağı" isə iqtisadi və humanitar əməkdaşlığın bir arada təcəssüm etdiyi layihədir". "Olaylar" xəbər verir ki. bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: 

"Azərbaycan-Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyətlərindən biri regional əməkdaşlığın geniş coğrafiyaya malik olmasıdır. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin yaradılması bu prosesin miqyasının göstəricisidir. Naxçıvanla Ürgənc arasında da belə münasibətlərin qurulmasının planlaşdırılması şəhərlərarası əməkdaşlıq şəbəkəsinin genişlənəcəyini göstərir. Bu əlaqələr xalqların bir-birini daha yaxından tanımasına, yerli səviyyədə iqtisadi və mədəni layihələrin həyata keçirilməsinə imkan yaradır.

Azərbaycan və Özbəkistan yalnız ikitərəfli məsələlərdə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərirlər. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq iki ölkə arasında siyasi etimadın yüksək səviyyəsini nümayiş etdirir. Bu qarşılıqlı dəstək həm ölkələrin beynəlxalq mövqelərinin güclənməsinə, həm də ortaq maraqların çoxtərəfli platformalarda daha fəal müdafiəsinə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31