İlham Əliyevin Özbəkistan səfəri: müttəfiqlik münasibətlərində yeni mərhələ-ÖZƏL
14:04 SiyasətPrezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında əlaqələr ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər əsasında son illərdə daha da güclənib və strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Səfər çərçivəsində siyasi, iqtisadi və regional əməkdaşlığın perspektivlərinin müzakirəsi gözlənilir.
Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan müttəfiqliyinin daha da möhkəmlənməsinə hansı töhfəni verə bilər? Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi proseslərinə təsiri necə qiymətləndirilir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, nəzərə alsaq, son 5 ildə üçüncü dövlət səfəridir və ümumən yeddinci səfəridir. Bu səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına ciddi təsir göstərməkdədir.
Nəzərə alsaq ki, son 5 ildə hər iki dövlət başçısının qarşılıqlı səfərləri -dövlət və işgüzar səfərlər olmaqla 15 dəfə həyata keçirilib. Azərbaycanla Özbəkistan arasında münasibətlər çox sürətli inkişaf etməkdədir. Qısa müddət ərzində Azərbaycanla Özbəkistan strateji tərəfdaşlıq münasibətlərindən müttəfiqlik münasibətlərinə keçiblər və bugünkü görüşdən sonra da Əbədi Dostluq haqqında müqavilənin imzalanması gözlənilir. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı, şübhəsiz ki, Cənubi Qafqaz və Orta Asiya regionuna müsbət təsir edən amildir. Belə ki, hər iki ölkənin ticarət dövriyyəsinin artması, əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi bunu göstərir. Ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, logistika, humanitar sahələr və digər istiqamətlərdə münasibətlər inkişaf edir. Qarşılıqlı investisiyalar ciddi həcmdə artmaqdadır. Bir il əvvəlki dövrlə müqayisədə ticarət dövriyyəsi üç dəfədən çox artaraq 800 milyon dollara yaxınlaşıb və bunun daha da bir neçə dəfə artmaq perspektivi var. Qarşılıqlı əlaqələrin müxtəlif sahələri əhatə etməsi Türk dünyası daxilində inteqrasiyanın güclənməsinə təsir edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının önəmli üzvləridir və məhz onların münasibətlərinin çevik şəkildə inkişaf etməsi perspektivdə bu təşkilatın gücünün artması, gücünə güc qatması demək olacaq.
Bu baxımdan, olduqca mühüm əhəmiyyətə malik olan bir səfərdir".
Zeynəb Mustafazadə