Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar

"Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu" Ankarada təqdimatlar və panel müzakirələri formatında işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir Türkiyənin dezinformasiya ilə mübarizə sahəsində təcrübəsinə həsr olunmuş təqdimatla çıxış edib.

D.Demir bildirib ki, Türkiyədə və onun hüdudlarından kənarda olan müəyyən qüvvələr, xüsusilə böhran dövrlərində ictimai rəyin manipulyasiyası cəhdlərindən əl çəkmirlər. O, buna misal olaraq 2023-cü ilin fevralında baş vermiş zəlzələlər zamanı sosial şəbəkələrdə və mediada yayılan çoxsaylı yalan məlumatları göstərib.

Kommunikasiya İdarəsinin nümayəndəsi Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin fəaliyyətinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, mərkəzdə informasiya axınları sutka ərzində fasiləsiz izlənilir, təhlil olunur və operativ reaksiya verilir.

Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə yalnız Türkiyənin maraqları ilə məhdudlaşmır, eyni zamanda, qardaş ölkələrin, o cümlədən Azərbaycanın maraqlarının qorunmasına töhfə verməyi hədəfləyir.

Dezinformasiya faktları üzrə təkziblərin nəşr edildiyi xüsusi tətbiq yaradılıb, həmçinin müxtəlif dillərdə etibarsız məlumatların mövcudluğu barədə bildiriş göndərmək imkanı təmin edilib.

Daha sonra "Türk dünyasına qarşı yönəlmiş dezinformasiya nümunələri və onlara qarşı mübarizə səyləri" mövzusunda sessiya keçirilib. Sessiya çərçivəsində milli səviyyədə yalan məlumat axınlarının yayılmasına qarşı mübarizə təcrübəsi barədə məlumat verilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev forum iştirakçılarının diqqətini hibrid hücumlar və dövlətlərin informasiya məkanına müdaxilə təhlükəsinə cəlb edib.

"Müasir dünyada informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda, demək olar ki, dünyanın heç bir ölkəsində olmadığı qədər yalan məlumatlar və dezinformasiya axınları barədə məlumatlılıq mövcuddur. Bu, 44 günlük Vətən müharibəsi dövründə də özünü göstərdi. Regiondakı reallıqları təhrif etmək cəhdlərinə cavab olaraq biz xarici media qurumları üçün qapıları açdıq. Jurnalistlər faktlarla yerində tanış olmaq imkanı əldə etdilər", - deyə o qeyd edib. C.Musayev dezinformasiyaya qarşı mübarizədə Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi töhfəsini vurğulayaraq, Azərbaycan liderinin dünyanın aparıcı media orqanlarına verdiyi çoxsaylı müsahibələri xatırladıb.

C.Musayev Azərbaycanın və Türkiyənin informasiya sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirərək, Türk Dövlətləri Təşkilatı səviyyəsində oxşar platformanın yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi bu il keçirilmiş III Şuşa Qlobal Media Forumuna da toxunub, forumun sessiyalarından birinin dezinformasiyaya qarşı mübarizəyə həsr olunduğunu xatırladıb.

C.Musayev Ankarada keçirilən forumun bütün iştirakçılarını Azərbaycanın mədəni paytaxtı olan Şuşada təşkil olunacaq növbəti mediaforumda iştiraka dəvət edib.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi İlyas Yesmagul, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin nümayəndəsi Zarina Kalmuratova, Özbəkistan Prezident Administrasiyası yanında Media üçün Məzmun İstehsalı Mərkəzinin şöbə müdiri Toxir Umarov və Türkiyənin Kipr Agentliyinin nümayəndəsi Fehmi Gürdalı xüsusilə gənclər arasında media savadlılığının artırılmasına çağırış ediblər.

Qeyd edək ki, iki gün davam edən forumun işində müxtəlif ölkələrdən rəsmi qurumların və beynəlxalq təşkilatların nümayəndələri, media əməkdaşları, alimlər, ekspertlər və analitiklər iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31