“Güneydə milli hərəkat güclənəcək”- Ekspert- ÖZƏL

"İranda kimin prezident olmasından asılı olmayaraq Güney Azərbaycan milli hərəkatı davam etməlidir. Çünki milli hədəflərimiz var və ona çatmaq lazımdır". Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə,molla əbasına bürünmüş panfarsist rejim azərbaycanlı milli kimliyini, türk dilini məhv etməyi qarşısına məqsəd qoyub:
"İran prezidenti Məsud Pezeşkian 1 ildən çoxdur ki, iş başındadır. Bu 1 il 6 ayda Güney Azərbaycanda türk dilində hansısa məktəbin, kursun açıldığını eşitmisiz? Yoxdur belə bir fakt. Məsud Pezeşkiandan əvvəl yenə Təbriz universitetində bir kurs açılmışdı. Məsud Pezeşkian Azərbaycan dilində şeir söyləyə bilir, çünki icazə verilib. Problemi kökündən həll etməyi isə ağlının ucundan belə keçirmir. Ona imkan da verməzlər. Çünki fars dilinin 1000 illik ənənəsi var. 30 ildir müstəqillik, bizdə də bəziləri hələ də rus dilini "debat dili", "elm və təhsil dili", "mədəniyyət dili" hesab edir, övladını rus bölməsində oxudur. Düşünün, o tayda vəziyyət necədir. İran dövləti hər il fars dilinin inkişafına milyardlar xərcləyir. Qeyri-fars dillərini sıxışdırır. Bu gün türk dili ilə bağlı ürəkağrıdan mənzərə yaranıb. İran adlanan ölkədə 40 milyona yaxın türk yaşayır, ancaq onların bircə məktəbi belə yoxdur. Panfarsist rejim türk dilini məişət dili səviyyəsinə endirməklə tamam  unutdurmaq istəyir".
Ekspert bildirib ki, İranda milli kimlik və ana dilində təhsil uğrunda mübarizə aparan siyasi fəallara dəstək vermək, onları dünyada tanıtdırmaq lazımdır.
"Bu gün təkcə siyasi məhbusları deyil, ana dilini  yaşatmaqğa çalışan fədakar müəlimləri, ziyalıları da tanıtdırmalı, fars rejimindən qorumalıyıq. İranın bütün bölgələrində övladına türk adı qoymaq üçün məhkəmələrdə süründürülən türk valideynlər var. Onlar milli hərəkatın könüllüləridir. İran nə qədər çalışsa da ana dili hərəkatını, milli kimlik mübarizəsini dayandıra bilməyəcək. Əksinə, təzyiqlər Güney Azərbaycan milli hərəkatını daha da gücləndirəcək"-deyə, o, bildirib.
Qeyd edək ki, güney azərbaycanlı milli fəallar Tahir Nəqəvi və Vədud Əsədi fars-molla rejimi tərəfindən qanunsuz yerə həbs edilmələrinə və eyni zamanda həbsxanada hüquqlarının pozulmasına və rejim tərəfindən məruz qaldıqları təzyiqlərə etiraz olaraq Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirirlər. Onlar rejim əleyhinə fəaliyyət göstərmək, rejimə müxalif qruplaşmalara üzv olmaq, İranda daxili təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq kimi ittihamlarla mühakimə edilərək, 5 il yarım, 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

İbrahim  Məmmədli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31