Yeni geosiyasi reallıqlar və Minsk Qrupunun ləğvi: 30 ilin yekunu - ÖZƏL

" 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək məqsədilə yaradılan və ABŞ, Fransa, Rusiya tərəfindən həmsədrliyi həyata keçirilən ATƏT-in Minsk qrupu regionda Azərbaycan tərəfindən formalaşdırılmış yeni geosiyasi reallıqlar fonunda  heç bir əhəmiyyət daşımırdı.
Bu il Vaşinqton görüşündə əldə olunmuş razılaşmalar isə Minsk qrupunun taleyinə aydınlıq gətirdi. Elə buna görə də sentyabrın 1-də qurumun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olundu və bir neçə gün əvvəl isə Minsk qrupu rəsmi şəkildə ləğv edildi". 

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Həmsədr ölkələrin mövqeyi nəzərə alındıqda aydın görünürdü ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması, işğalın hüquqi cəhətdən tanınması və Ermənistana təzyiq göstərilməsi həmin üç ölkənin maraqlarına uyğun deyildi. Həmin dövrdə Rusiyanın Ermənistanı birbaşa dəstəkləməsi, eyni zamanda, ABŞ və Fransanın da Ermənistana siyasi simpatiya göstərməsi prosesə obyektiv vasitəçilik prinsipləri ilə deyil, bu dövlətlərin Cənubi Qafqaza geosiyasi maraqları ilə yanaşdıqlarının göstəricisi idi.
Minsk qrupu təxminən 30 il ərzində nə Ermənistana qarşı ciddi təzyiq tətbiq etdi, nə də işğalın aradan qaldırılması üçün real mexanizmlər ortaya qoydu. Əksinə status-kvonun saxlanmasına xidmət edən təşəbbüslər irəli sürür, bunları daha çox Ermənistanın maraqlarına uyğun şəkildə formalaşdırırdı. Onların irəli sürdüyü planlar regionda ədalətli və beynəlxalq hüquqa əsaslanan həllə deyil, prosesin uzanmasına səbəb olurdu.
Həmsədr ölkələr  rəsmi səviyyədə heç vaxt öz siyasətlərinin uğursuz olduğunu etiraf etmədilər. Bunu Minsk qrupunun mandatının məhdud olması ilə əlaqələndirdirlər. Yəni, qurumun sanksiya tətbiq etmək və ya tərəflərə təzyiq göstərmək kimi səlahiyyətləri yox idi, yalnız vasitəçilik və danışıqlar təşkili ilə məhdudlaşırdı. Lakin reallıqda təqdim etdikləri təşəbbüslər Ermənistanın maraqlarına cavab verdiyi üçün prosesin ədalətli nəticəyə gətirilməsi mümkün olmadı.
Rusiya, ABŞ və Fransanın Cənubi Qafqazda bir-birindən fərqli, bəzən isə bir-birini tamamlayan geosiyasi maraqları var idi. Bu maraqlar obyektiv və prinsipial vasitəçiliyi əngəlləyir, konsensus mexanizmi isə qərar qəbulunu faktiki olaraq mümkünsüz edirdi. Üç həmsədr ölkə vahid mövqeyə gəlmədiyi hər bir halda danışıqlar dayanırdı və nəticədə bütün təşəbbüslər kağız üzərində qalırdı.
Bu səbəblərdən Minsk qrupundan 30 illik fəaliyyətsizliyi barədə açıq şəkildə özünü tənqid edən və ya uğursuzluğu etiraf edən rəsmi açıqlama gözləmək də real deyil". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31