Rusiya-NATO münasibətləri: Sözlərdə gərginlik, reallıqda müharibə təhlükəsi varmı?- ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedevin   NATO-nun Rusiya-NATO Şurasını ləğv etməsi ilə bağlı açıqlamasında  NATO-nu "düşmən" adlandırması   və Maksim Qorkinin sözlərinə istinad edərək  "əgər düşmən təslim olmursa, onu məhv edirlər"- deyə  bildirməsi bölgədə gərginliyi artıran mesaj kimi qiymətləndirilə bilərmi? Bu açıqlamanın siyasi məqsədi nə ola bilər?

Politoloq Turan Rzayev Olaylar.az-a bildirib ki,tərəflər arasında, yəni Rusiya və NATO arasında bir gərginliyin olduğu artıq heç kəsə sirr deyil. Belə olan halda tərəflərin bu tipli ritorika   səsləndirməsi başa düşüləndir. Düzdür, son zamanlar NATO-nun hərbi xərclərini artırması, Rusiya ilə bağlı neqativ açıqlamalar verilməsi və eyni zamanda Rusiyanın buna cavab verməsi gərginliyin əlaməti olsa da, hesab edirəm ki, tərəflər arasında bu gərginliyin real döyüşlərə və ya müharibə vəziyyətinə keçməsi inandırıcı deyil:"Faktiki olaraq, nə Rusiyanın NATO ilə müharibə aparmağa gücü var, nə də NATO-nun Rusiya kimi nəzarətsiz bir güclə müharibə aparmaq riskini gözə alması mümkün deyil. Yəni, belə bir total müharibə  üçüncü dünya müharibəsi deməkdir, yəni,  birdən çox region müharibəyə qoşulacaqdır.  NATO-nun yalnız üzv ölkələri yox, digər partnyor təşkilatları da mövcuddur.
Bu baxımdan, Rusiyanın açıq şəkildə böyük bir müharibəyə girməsi real görünmür. Amma yenə də qeyd etmək lazımdır ki, Ukrayna müharibəsi göstərdi ki, Rusiya nəzarətsiz müharibə apara bilən və beynəlxalq hüququ poza bilən bir ölkədir. Belə bir müharibədə Paris, Berlin, Varşava, Vyana kimi bir çox paytaxt şəhərlər hədəf ola bilər. Hətta bir müddət öncə Rusiyanın belə bir planının olduğu da məlum idi. Bu hədəflər isə bəsit olmayacaq. Yəni, nüvə müharibəsinə keçmək ehtimalı da var. Mən inanmıram ki, tərəflər arasında belə bir gərginlik real müharibəyə qədər getsin. Amma əlbəttə ki, siyasi-diplomatik atışmaların olması və sözlü təhriklərdən istifadə edilməsi mümkündür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31