Taleh Əliyev: "Anti-türk ideologiyası qadağan edilməlidir, əks halda…" – ÖZƏL
15:31 Siyasət"Nə qədər ki, Ermənistanda kilsə və onun ideoloji xəttini təmsil edən Qaregin və onun düşüncə tərzi hakim mövqedədir, nə qədər ki, Daşnaksütyun partiyası parlamentdə təmsil olunur, Robert Koçaryan və Serj Sarksiyanın tərəfdarları parlamentdə yer alır, biz Ermənistanda belə avanturistlərin meydan sulamasının şahidi olacağıq".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. O qeyd edib ki, ilk növbədə, Ermənistan Nikol Paşinyanın 8 avqust tarixində imzaladığı sənədə əməl etməlidir. Ermənistanda anti-Azərbaycan və anti-Türk ideologiyasının daşıyıcılarına qarşı hətta cinayət işi açılmalıdır. Necə ki, İkinci Dünya Müharibəsindən sonra Almaniyada faşizm ideologiyası qadağan edildi, eləcə də Ermənistanda Azərbaycana, türklərə və müsəlmanlara qarşı nifrət ideologiyası qadağan olunmalıdır. İlk növbədə belə ideologiyanın daşıyıcıları məsuliyyətə cəlb edilsə, həbs olunsa, yeni avanturistlərin meydana çıxmasının qarşısını almaq mümkün ola bilər. Amma bu baş verməyəcəksə zaman keçdikcə Ermənistanda belə zərərli ideyalar və təşəbbüslər yenidən ortaya çıxa bilər.
"Fikrimcə, əgər Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində Nikol Paşinyan yenidən qalib gəlsə, o, ölkədə bu tip ideoloji baxışların və təhlükəli təşəbbüslərin qarşısının qətiyyətlə alınması üçün müəyyən hüquqi mexanizmlər yaradacaq. Çünki bu, artıq öhdəliyə çevrilməlidir. Əks təqdirdə, Ermənistanın Azərbaycanla apardığı sülh danışıqları heç bir real nəticə verə bilməyəcək," - deyə siyasi ekspert vurğulayıb.
Xatırladaq ki, Ermənistanda bir qrup siyasi fəal yenidən Qarabağın Ermənistana "birləşdirilməsi" ideyasını irəli sürüb. Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan bunu "müasir tarixin təməl daşı" adlandırıb.
Lamiyə Cəbrayılova