Balans prinsipi ilə siyasət: Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi - ÖZƏL

"Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı istiqaməti də indiyə qədər olan təcrübəyə uyğun şəkildə davam edəcək. Biz Rusiya ilə elə münasibətlər içərisindəyik ki, nə birmənalı düşmən ola bilərik, nə də birmənalı dost"    Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında   politoloq Həşim Səhrablı deyib: "Bu, real vəziyyətin özündən irəli gəlir. Biz Rusiyaya tam güvənib dost da ola bilmərik və Rusiyanı heçə sayıb təhlükəsizlik baxımından düşmənə də çevirə bilmərik. Bu baxımdan düşünürəm ki, Azərbaycan tərəfi Rusiya siyasətini bu günə qədər qurduğu balans üzərində davam etdirəcək və bu, ən doğru yol hesab oluna bilər. Rusiyaya çox güvənib onunla müttəfiq olmağın da mənası yoxdur. Çünki Rusiya üçün "tərəfdaş" və ya "müttəfiq" anlayışı yoxdur. Onun yalnız öz maraqları var və maraqlarına uyğun olmadığı təqdirdə "yırtıcı" davranış nümayiş etdirə bilər.
Amma eyni zamanda Rusiya ilə açıq düşmənçilik etmək də bu gün üçün lazım deyil. Çünki dünyada qlobal qarşıdurmaların artdığı, gərginliklərin miqyas və kəmiyyət olaraq genişləndiyi bir reallıq mövcuddur. Belə bir şəraitdə istər Rusiya timsalında, istərsə də ondan daha zəif və ya daha güclü dövlətlərlə düşmənçilik etmək düzgün olmaz. Yeni dünya düzəni formalaşır və bu düzəndə tərəfdaşlıqlar çox önəmli olacaq.
Ona görə də Azərbaycan tərəfi Rusiya ilə qarşılıqlılıq prinsipinə əsaslanaraq, qarşılığını gördüyü halda tərəfdaş münasibətlər qurmalı və əlaqələri bu şəkildə davam etdirməlidir. Əgər qarşılıqlılıq prinsipi qorunmazsa və Rusiya yenə də yalnız öz maraqlarını güdən egoist mövqedə dayanarsa, o zaman alternativlər üzərində düşünülməlidir.

Fikirləşirəm ki, Azərbaycan dövləti hazırda məhz bu istiqamətdə siyasətini formalaşdıracaq. Rusiya ilə gələcək münasibətlər də zaman-zaman tərəfdaşlıq, siyasi və diplomatik krizlər formatında olacaq. Buna görə də düşünürəm ki, nə bir mənalı düşmənlik olacaq, nə də bir mənalı dostluq və müttəfiqlik münasibəti formalaşacaq". 

Qeyd  edək  ki,  Azərbaycan  Prezidentinin   köməkçisi Hikmət Hacıyev müsahibəsində Azərbaycan-Rusiya münasibətlərindən danışıb. O, ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından sonra yaranan yanlış anlaşılmaları xatırladıb. Hacıyev vurğulayıb ki, Azərbaycan hadisənin araşdırılması, məsul şəxslərin cəzalandırılması, rəsmi üzr və kompensasiya tələb edib və bu məsələlər artıq həll olunub. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31