Yalançı siyasətçilərin manifesti- ÖZƏL
14:12 SiyasətBöhtançı və şantajçıların memarlarının taleyi həmişə acı sonluqla bitir. Bu siyasətçilərin düşüncə tərzi və həyat fəlsəfəsi yalnız yalan üzərində qurulan "həqiqətlərdən" ibarətdir. Həqiqətsiz yaşaya bilməyən, amma həqiqətə də dözə bilməyən bu insanlar yalanı özlərinə dayaq edirlər. Yalan əvvəlcə kiçik olur. Ondan istifadə edən siyasətçilər məsələn, Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Ramiz Mehdiyev, Gültəkin Hacıbəyli və digər bu tip fiqurlar zaman keçdikcə yalanın burulğanında çabalaya-çabalaya elə bir mərhələyə çatırlar ki, artıq həmin yalanın içində rahat yaşamağa başlayırlar. Gerçəkliyi görəndə isə narahat olurlar. Elmdə və psixologiyada bu vəziyyətə "kollektiv özünü aldatma sindromu" deyilir. Nəticədə, həqiqət kimi qəbul edilən, lakin əslində yalan olan düşüncələr meydana çıxır. Onlar hamını günahkar sayır, özlərindən başqa hər kəsi ittiham edirlər. Lakin bu yalançı "həqiqətlər" uzunömürlü olmur. Çünki bu sistemin yaşaması üçün daim yeni yalanların yaranması tələb olunur. Bu isə tibbi, təbii və fiziki baxımdan davamlı bir proses deyil. Yalnız yalan yaratmağa çalışan insanlar üçün formalaşmış həyat tərzi sizi bir müddət psixoloji ağrıdan qorusa da, davamlı deyil, bir gün dağılır, sizin dağıldığınız kimi. Bir sözlə: yalan üzərində qurulan "həqiqət" həqiqət deyil, illuziyadır. Buna görə də bu prosesi dayandırmaq lazımdır.
Uzun illərdir ki, siyasi yalançılar "mən xalqım üçün çalışıram" desələr də, öz inanclarını sadəcə dekorasiya kimi dəyərləndirib bu çirkin oyunları ilə məhv ediblər. Xalq isə onlar üçün bir dekorasiyadır. Xalqı belə dəyərləndirib fəaliyyət göstərirlər. Oturun, düşünün, hesablama aparın, əgər bacarırsınızsa. Bacarmırsınızsa, deməli, siz də o virusun daşıyıcılarısınız. Onda özünüzü tez müalicə edin, resepti "siyasi apteklərdən" ala bilərsiniz.
Sizin inandığınız siyasi pandemiya daşıyıcıları cəmiyyəti iki hissəyə bölür: onları tərifləyənlər və tərifləməyənlər. Tənqid olunanda isə dərhal nifrətlə reaksiya verirlər. Öz yoluxduqları virusa uyğun davranış qaydalarına keçirlər, təhqir metoduna. Amma unudurlar ki, özlərini belə aparanlar cəmiyyətin üz qarasıdır. Onlar üçün siyasət mənəvi dəyərlərdən, milli mentalitetdən və siyasi etikadan önə keçir. Daxillərində vəhşi bir qisas hissi var. Dünən dediklərini bu gün danırlar, dünən başlarına gələnləri görməzdən gəlirlər. Halbuki başlarına gələnləri alnında şüar kimi daşıyanlar onları yalnız fon kimi görür. "Mən beləyəm, sizin üçün ölümə gedərəm" deməklə sadəcə maskalarını dəyişirlər. Onlar ilan kimi qabıq dəyişənlərdir. Həqiqətlər heç zaman ölmür, heç zaman uduzmur. Həqiqət alın açıqlığıdır, həqiqət yalanları öz məkanında dəfn edən böyük siyasi-mənəvi məkandır. Bu məkandan qaçanlar, ona yaxınlaşmaqdan qorxanlar aldadılmış binəvalardır.
Həqiqətləri susdurmuşuq, daha güclü şəkildə geri qayıtmaq üçün və qayıtdıq.Sizin silahınız yalandırsa, bizim silahımız həqiqətdir. Bu silahı siz düşmən kimi görürsünüz. Uzun illər Əli Kərimlinin yalanlarına inandınız, amma qəfil həqiqətlər sizin sonunuza çıxdı. Bax, uzun müddət gizlədilən həqiqətlərin mahiyyəti bu gün təmizləmə işinə başladı. Hakimiyyətdən tələb edirəm: yalançı "həqiqətlərin" senaristlərin və vətənə xəyanət edən çağaların taleyini obyektiv və ədalətli hökmlərlə sonlandırın.
Ramil Huseynov
"YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert