Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar - ÖZƏL

Ağ Evin nümayəndələrinin Moskvada Vladimir Putinlə apardığı son görüşlərin nəticəsiz qalması həm Vaşinqtonda, həm Kiyevdə, həm də Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Görüşlər Tramp administrasiyasının sülh planına müəyyən ümidlərin olduğu bir dönəmdə baş tutsa da, Kreml mövqelərindən geri çəkilmədiyini nümayiş etdirdi.
Trampın ehtiyatlı bəyanatları: "Tanqoya iki nəfər lazımdır"
Donald Tramp görüşü "ümumilikdə yaxşı" qiymətləndirsə də, prosesin nəticə verəcəyinə şübhə etdiyini açıq şəkildə etiraf edib. Onun "Tanqoya iki nəfər lazımdır" ifadəsi Vaşinqtonun Moskvanın qeyri-konstruktiv davranışından narazı olduğuna işarə edib.
Tramp bildirir ki, Stiv Uitkoff və Jared Kuşnerin Putinə "müharibəni bitirmək istəyinə inandıqları" barədə mesajları olsa belə, avropalı diplomatlar və ekspertlərin əksəriyyəti bunun doğru olmadığına inanır.
Qərbdə  hesab edirlər ki, Kreml destruktiv mövqeyindən əl  çəkməzsə, o zaman Tramp Ukrayna üzrə sülh prosesindən tamamilə çəkilə bilər. Bu variant  nəinki Kiyev,  Avropa üçün də  daha təhlükəli ssenarilərin qapısını aça bilər.
Trampın təzyiq strategiyası: Ukraynanın hərbi dəstəkdən məhrum edilməsi
Odur ki,  Ağ Ev  sülhə nail olmaq üçün Kiyevə təzyiq  etməklə  sülh planını gerçəkləşdirmək istəyir.  Bu səbəbdən də Tramp açıq şəkildə bəyan edib ki, Ukraynaya "müharibədə qələbə üçün lazım olan hərbi üstünlüyü vermək niyyətində deyil". Bu, onun Ukraynaya təzyiq vasitəsi yaratmaq strategiyası kimi dəyərləndirilir.
Vaşinqtonun gözləntisi odur ki, Kiyev kompromisə yaxınlaşsın və bu, Moskvanı da müəyyən güzəştlərə məcbur etsin. Lakin Qərb və Ukrayna üçün əsas problem dəyişməz olaraq qalır: Ukrayna ciddi təhlükəsizlik zəmanətləri almadan və gələcək Rusiya təhdidinə qarşı təminatlar olmadan heç bir ərazi güzəştinə getməyə razı deyil.
Avropanın imkanları məhduddur, Kreml bunu görür
Ukraynanın istədiyi miqyasda maliyyə və hərbi dəstək göstərmək  Avropa üçün getdikcə daha çətinləşir. Bu isə Rusiyanın strateji ümidlərini artırır. Moskva yaxşı anlayır ki, iqtisadi və siyasi yorğunluq  Avropanı Ukrayna məsələsində daha   güzəştli  mövqe tutmağa yönəldir.
Moskvanın müharibəni uzatma strategiyası
Putinin danışıqlarda nümayiş etdirdiyi ikili taktika artıq Qərb tərəfindən aydın şəkildə hiss edilir: vaxt udmaq; Qərbdaxili fikir ayrılıqlarını dərinləşdirmək; NATO və Aİ-nin resurslarını tükəndirmək; Ukraynanın müqavimətini zəiflətmək.
Kremlin məqsədi müharibəni qısa müddətdə bitirmək deyil, əksinə, Qərbin Ukraynadan bezməsinə nail olmaqdır.
Çin, İran və Şimali Koreyanın Moskvaya dəstəyi: Qlobal hesablaşmalar
Ukrayna müharibəsinin uzanmasında maraqlı olan digər güclər, xüsusən də Çin, İran və Şimali Koreya  Moskvanı müxtəlif formada dəstəkləyir.
Çinin motivləri xüsusilə strateji xarakterlidir:
ABŞ-ın diqqətini Avrasiya münaqişələrinə yönəltmək, Tayvan məsələsində mövcud təzyiqi azaltmaq, zaman qazanaraq regionda daha sərt addımlara hazırlaşmaq.
NATO baş katibi Mark Ruttenin bəyanatında da qeyd olunduğu kimi, Pekin yeri gəldikdə Tayvan ssenarisində Moskvadan siyasi dəstək almağa çalışacaq.
Çıxılmaz vəziyyət: kompromis olmadan sülh yoxdur
Tramp administrasiyası özü də ikili dilemmanın içindədir: Bir tərəfdən münaqişənin həlli üçün kompromisin vacib olduğunu bildirir, digər tərəfdən isə Ukraynanı kompromisə yaxınlaşdırmaq üçün təzyiqi artırır.
Ancaq Ukrayna üçün kompromisin şərtləri aydındır: ərazi bütövlüyü ilə bağlı təhlükəsizlik təminatları; NATO və Aİ-yə real inteqrasiya perspektivi; Rusiya tərəfindən yenidən təhdid edilməmək üçün qoruyucu mexanizmlər.
Danışıqlar çətin olsa da, sülh prosesi dayanmamalıdır
Rusiya-Ukrayna müharibəsi artıq təkcə regional təhlükəsizlik problemi deyil, qlobal nizam üçün ciddi sınağa çevrilib.
Danışıqların dalana dirənməsi vəziyyəti daha da mürəkkəbləşdirsə də, prosesin tam dayanması dünyada təhlükəsizlik arxitekturasına ağır zərbələr vura bilər. Təsadüfən deyilməyib ki, ən pis sülh müharibədən yaxşıdır. 
Bu səbəbdən, tərəflər heç olmasa minimal diplomatik kanalları açıq saxlamalı və sülh prosesinin davam etməsinə çalışmalıdırlar. Əks halda, müharibə nəinki regionu, bütövlükdə beynəlxalq sistemi yeni böhranlara sürükləyə bilər.

Mürtəza Bünyadlı
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31