Medvedevin açıqlamaları sadəcə bir bəyanat deyil, açıq mesajdır- ÖZƏL
12:58 Siyasət"Medvedevin Qərbi "düşmən" adlandırması, təbii ki, ilk dəfə baş verən hadisə deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri demək olar ki, Medvedev daim Qərbi ittiham edir, Qərbi Rusiyaya qarşı mübarizə aparan düşmən qüvvə kimi göstərir. Çünki Qərb bütövlükdə, xüsusilə NATO dövlətləri Ukraynanın tərəfində dayanıb və bu günə qədər ona yardım göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Rusiya artıq dörd ildir müharibə aparır, amma hələ də tam istədiyi nəticələrə nail ola bilməyib. Buna görə də Medvedevin bu fikirləri onun ilk kəskin çıxışı deyil. Amma onun bu dəfə NATO-nu açıq şəkildə hədəf almasının səbəbi kimi iki gün əvvəl NATO generallarından birinin "Rusiyaya qarşı müharibəyə tam hazır olmalıyıq və lazım olsa cavab verməliyik" məzmunlu açıqlaması göstərilir. Eyni zamanda NATO-nun Baş katibi də dünənki görüşlərdə Ukraynanın sonadək müdafiə olunacağını və bu siyasətin davam edəcəyini bəyan edib. Bu isə artıq Rusiya-Ukrayna müharibəsinin çərçivəsindən çıxaraq, Rusiya ilə NATO arasında açıq qarşıdurmaya çevrildiyini göstərir. Bu, artıq reallıqdır. Rusiya siyasətçiləri bunu etiraf edir. Əvvəllər Qərb bunu açıq etiraf etmirdi, amma indi Qərbin öz dairələrindən də mesajlar gəlir ki, "biz 2028/2030-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazır olmalıyıq. Tərəflər bir-birini açıq şəkildə düşmən elan edib və bütün cəbhələrdə qarşıdurma aparırlar. Yeganə fərq ondadır ki, Ukraynada Qərbin silahları, maliyyəsi işləyir, amma canlı qüvvəsi döyüşmür. Qalan bütün resursları ilə Qərb faktiki olaraq Rusiya ilə müharibə aparır".
Ekspertin fikrincə, Medvedevin açıqlamaları sadəcə bir bəyanat deyil, bu, açıq mesajdır. Putinin Hindistan mediasına verdiyi müsahibədə də o, "Bizim G8-ə qayıtmaq fikrimiz yoxdur" kimi ifadələr səsləndirib. Bu da göstərir ki, Rusiya artıq Qərb istiqamətindən uzaqlaşır, Cənubi Asiya ölkələrinə daha isti münasibət göstərir və o istiqamətdə hərəkət edir. Çünki geri qayıdışın çətin və hətta mümkünsüz olduğunu anlayırlar.
Burada siyasi məqsəd də tam aydındır: Rusiya cəmiyyətinə mesaj verilir ki, "Qərb bizə düşməndir, biz də Rusiyanı qorumaq üçün mübarizə aparırıq". Bu həm Rusiyanın daxilinə, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesajdır: "Qərb bizimlə vuruşur, biz də onlarla".
"Bölgədə gərginlik var və bu gərginlik səngimir. Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən başlayaraq bugünə qədər davam edir və vəziyyət getdikcə daha da ağırlaşır. Əgər Qərb-Rusiya qarşıdurması açıq fazaya keçərsə, bölgədə gərginliyin daha da artacağı danılmazdır. Biz də region ölkəsi olaraq bunun təsirlərini hiss edəcəyik. Ona görə də dövlət olaraq hər vəziyyətə hazır olmalıyıq və bölgədəki siyasi gərginliyi heç vaxt yaddan çıxarmamalıyıq.
Müharibə davam etdiyi müddətcə, Qərb-Rusiya qarşıdurması mövcud olduqca və yeni geosiyasi düzən formalaşmadığı halda, bu gərginlik hər an daha da arta bilər," - deyə siyasi şərhçi vurğulayıb.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev NATO-nun Rusiya-NATO Şurasını ləğv etməsi ilə bağlı açıqlama verib. O, "X" hesabındakı paylaşımında NATO-nu "düşmən" adlandırıb və Maksim Qorkinin sözlərinə istinad edərək bildirib ki, "əgər düşmən təslim olmursa, onu məhv edirlər". Medvedev NATO-nun bu qərarını ironik şəkildə alqışladığını deyib.
Lamiyə Cəbrayılova