Qərb və onun təsisatları Ermənistanda baş verənləri guya görmür?- ÖZƏL

"Qərbin mütərəqqi saydığı nəinki ideologiyası, hətta müştəbeh formada təlqin etməyə çalışdığı ideyaları ikili standartların tətbiq edildiyi bir şəraitdə özünü o dəqiqə ifşa edir. Özünü liberal demokratiyanın hökm sürdüyü məkan, çiçəklənən bəşəriyyətə tərəqqinin bəhrələrini bəxş edən region kimi təqdim edən Qərb və onun təsisatları Ermənistanda baş verənləri guya görmür?" Bu  fikirləri  Olaylar.az-a açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA  deyib:" Bəs Azərbaycanı nə yaxşı tez görürsünüz? Qarışqadan fil düzəldə bilirsiniz? Deməli, əslində qabiliyyətiniz var. Niyə illər ərzində bir dəfə haqq səsimizi eşitmədiniz, hakimiyyətə təzyiq adı altında əməllərinizi maskalayaraq xalqımızın səsinə səs vermədiniz? Ukraynada istədiyiniz nəticə alınmır deyə 8 avqustdan sonra Transxəzər birdən-birə lap da şirin gəldi sizə? Minalarla bağlı problem də eləcə ki, birdən-birə 23 milyon ilə bizi şirnikləndirirsiniz. Boyunduruq altında verilən heç nə lazım olmadığı qədər, açıq siyasət yürüdərək əməkdaşlığa hazır olduğumuzu bildirməklə qapımızı da bağlı saxlamırıq. 
Ermənistanda həbs həbsin ardınca baş verir. Nikol Paşinyan siyasi rəqibləri demir, kilsə demir hamısını və hər şeyi dama doldurur. Sizin təsisatların mütərəqqi üsullarla strukturlaşdırılmasını, cəmiyyətin tərəqqisini, demokratik mühitin davamlılığını müdafiə etdiyiniz halda Ermənistanda müxalifətin tam neytrallaşdırılmasına, liderlərin və fəalların həbs edilməsinə, jurnalistlərin sıxışdırılmasına, media azadlığının pozulmasına, kilsəyə münasibətdə repressiv davranılmasına susqunluq göstərməyinizə ad vermək olmur, düzü. Dünya əbədi olaraq sizə fərqli, öz xeyriniz tərəfdənsə daha fərqli görünə bilər. Amma yüksək tutduğunuz insan təbiətini də, müqabil siyasəti də hər halda biz də bilirik.  
Odur ki, Ermənistanda insan haqları kobudca pozularkən, diktaturanın üsul və metodlarına müraciət edilərkən çox yox, bir balaca zəhmət çəkib mikrofonlarınızın "on" düyməsinə basın, əllərinizi xoş sözlərlə olmasa da haq sözləri ilə bəzəyin. Transxəzərlə bağlı dilinizin altına şəkər qoyub onu şirinləşdirdiyiniz kimi, dilinizi bir balaca Ermənistanda baş verən proseslərə münasibətdə də acılaşdırın, susqunluqdan isə artıq çıxın." 

İbrahim  Məmmədli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31