Yalnız ədalətli sülh regiona sabitlik gətirər- ÖZƏL

"Uitkoffun Küşnerlə birlikdə Kremlin rəhbərliyi ilə apardığı danışıqlar təxmin edildiyi kimi başa çatıb. Bəzi politoloqlar, siyasi yazarlar politologiyanın bütün terminlərindən istifadə edərək bu görüşü şərh edirlər. Amma  Ukrayna məğlub olacaq deyib bədbinliyə qapılmağa əsas yoxdur". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Bu müharibənin taleyini diplomatiya deyil, güc həll edəcək. Həmin güc artıq Rusiyada yoxdur. Trampın dəstəyindən ruhlanan Vladimir Putinin son dövrlərdə səsləndirdiyi gurultulu bəyanatlar gücə söykənmir. Ukrayna Ordusu ilə döyüşlərdə 1 milyondan artıq insan itkisi, iqtisadiyyatın bərbad günə düşməsi, tətbiq olunmuş ciddi sanksiyalar və bizim bilmədiyimiz digər problemlər Rusiyanın çox ağır durumda olduğunun göstəricisidir. Bütün bunların əvəzində Putinin gurultulu bəyanatları reallıqdan çox uzaqdır. 

Bu gün ukraynalılar qəhrəmanlıqla, çox ağır şəraitdə döyüşürlər və öz torpaqlarından imtina etməyəcəklərini bəyan edirlər. O qəhrəman xalq Avropa üçün, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün döyüşür.  Qənaətimcə, dünya bunun fərqindədir.  Bu baxımdan kifayət  qədər resursları olan Avropa Birliyi və Böyük Britaniya öz gələcəkləri, təhlükəsizlikləri naminə Ukraynaya bütün sferalarda dəstəyini əsirgəməyəcəyinə inanmaq istərdik.
Digər tərəfdən ABŞ prezidenti Donald Trampın öz iqtisadi, strateji maraqları naminə Ukraynanı Rusiyaya qurban verəcəyi inandırıcı deyil. Ona görə ki,  Amerika cəmiyyəti, Demokratlar Partiyası, hətta Respublikaçılar Partiyasının bir çox üzvləri   Trampın bu siyasətinə sərt təpki göstərir. 
 Yekun olaraq onu deyim ki, yalnız  ədalətli sülh Ukraynaya və ümumilikdə regiona sabitlik gətirər. Gurultulu bəyanatlarla, çox konfiqurasiyalı məkrli gedişlərlə imzalancaq  hər hansı sülh müqaviləsi Rusiya-Ukrayna konfliktinin həlli olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31